BAKI, 16 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin dərhal bağlanmasının səbəbini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
Onun sözlərinə görə, mərkəzin idarə heyəti binanın təhlükəsizlik baxımından yararsız vəziyyətə yaxın olması səbəbindən fəaliyyətinin dayandırılmasına qərar verib. Mərkəzin bağlanması genişmiqyaslı təmir və yenidənqurma işlərinə hazırlıq məqsədi daşıyır. İdarə heyətinin mərkəzin təmir üçün bağlanmasına səs verdiyi digər mənbələr tərəfindən də təsdiqlənib.
Tramp bildirib ki, bağlanma dərhal qüvvəyə minəcək. Bununla belə, yenidənqurma işlərinin başlanması mərkəzin adı ilə bağlı davam edən məhkəmə prosesinin nəticəsindən asılı olacaq.
Bundan əvvəl Vaşinqton federal məhkəməsi Trampın adının Kennedi Mərkəzinin fasadında yerləşdirilməsini yenidən qadağan edib. Hakim Kristofer Kuper belə bir dəyişiklik üçün Konqresin razılığının tələb olunduğunu bildirib.
ABŞ Konqresi mərkəzin yenidən qurulması üçün 257 milyon dollar ayırıb.