BAKI, 12 sentyabr. TELEQRAF
Rusiya və Çin ABŞ-nin qurmağı planlaşdırdığı "Golden Dome" (Qızıl qübbə) raketdən müdafiə sistemindən asanlıqla yan keçə bilər.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin "Xarici Siyasət Sahəsində Araşdırmalar Mərkəzi"nin yaydığı hesabatda bildirilir.
Sənədə əsasən, ABŞ-nin kosmusa yerləşdirəcəyi raketvuran peyklər ballistik raketlərin qarşısını almaq məqsədi daşıyır. Lakin Rusiya və Çin bu sistemi sıradan çıxarmaq üçün kifayət qədər imkanlara malikdir. Hesabatda rəqib ölkələrin ata biləcəyi konkret addımlar bunlardır: ABŞ-nin kosmosdakı müdafiə peyklərini birbaşa hədəf alıb sıradan çıxarmaq, fəzaya çoxlu sayda yalançı raketlər buraxaraq Amerikanın sistemini çaşdırmaq, raketlərin uçuş istiqamətini və konstruksiyasını dəyişməklə radarlardan yayınmaq.
Analitiklər onu da vurğulayır ki, kosmosdakı bu peyklər zamanla orbitdən çıxacağı üçün ABŞ onları mütəmadi olaraq yeniləmək məcburiyyətində qalacaq. Bu isə Vaşinqton üçün bitmək bilməyən nəhəng maliyyə xərcləri deməkdir.