BAKI, 11 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosaya məktub göndərərək, ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün bir sıra tələblər irəli sürüb.

Teleqraf xəbər verir ki, ABŞ-nin CAR-dakı səfiri Leo Brent Bozell məktubu Ramafosaya təqdim edib.

Məktubda beş tələb yer alır: ABŞ-nin İran kimi düşmənlərindən uzaqlaşaraq CAR-ın qoşulmama siyasətinə sadiq olduğunu nümayiş etdirmək; fermerlərin zorakılıqdan qorunmasını prioritet etmək; torpaqların kompensasiya ödənilmədən özgəninkiləşdirilməsi haqqında qanunu ləğv etmək; amerikalı investorları öz müəssisələrinin 30 faizinin mülkiyyət hüququnu Cənubi Afrikanın qaradərili vətəndaşlarına verməyə məcbur edən tələbdən imtina etmək; “Fermeri öldür” mahnısını irqi nifrətin təzahürü kimi pisləmək.

CAR prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya nəşrə Ramafosanın Trampın məktubuna cavab verəcəyini təsdiqləyib.

ABŞ Prezidenti Tramp Ağ Evə qayıtdıqdan sonra CAR hakimiyyətini ölkənin ağdərili əhalisinə, ilk növbədə isə fermerlərə qarşı soyqırımı törətməkdə ittiham edib. O, Cənubi Afrikadakı ağdərili fermerlərin torpaqlarının zorla müsadirə edildiyini iddia edib. Ağ Ev CAR hökumətini ABŞ-nin geosiyasi rəqibləri ilə sıx əməkdaşlıqda da ittiham edir.

Vaşinqton təzyiq məqsədilə bu Afrika ölkəsinə yardım proqramlarını dayandırıb və CAR-dan idxal olunan bəzi məhsullara yüksək tariflər tətbiq edib. G20-nin hazırkı sədri kimi Vaşinqton Cənubi Afrika nümayəndə heyətinin “İyirmilik”in fəaliyyətində iştirakına da mane olur və nümayəndə heyətinin üzvlərinə ABŞ ərazisinə giriş vizaları verməkdən imtina edir.