BAKI, 19 sentyabr. TELEQRAF

İranla müharibə zamanı həlak olan ABŞ hərbçilərinin sayı Pentaqonun açıqladığı rəsmi göstəricidən çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ Müdafiə Nazirliyinin daxili itki məlumatları ilə tanış olan altı amerikalı rəsmiyə istinadən yazıb.

Mənbələrdən beşinin bildirdiyinə görə, müharibə başlayandan bəri azı 22 ABŞ hərbçisi həlak olub. Pentaqonun açıq məlumat bazasında isə 18 hərbçinin ölümü qeydə alınıb.

Rəsmilər real itkilərin Müdafiə Nazirliyinin rəsmi məlumatlarında tam əks olunmamasından narazılıqlarını ifadə ediblər. Daha bir mənbə isə ölən hərbçilərin sayının 23 olduğunu bildirib. Bununla belə, açıqlanmayan ölümlərin hamısının birbaşa döyüş əməliyyatları ilə əlaqəli olub-olmadığı dəqiqləşdirilməyib.

Pentaqon hələlik rəqəmlər arasındakı fərqlə bağlı açıqlama verməyib.