BAKI, 14 sentyabr. TELEQRAF

“Kanada Avropa İttifaqı (Aİ) ilə unikal ittifaq yaratmaq istəyir”.

Teleqraf xəbər verir ki, bunu Kanada Baş naziri Mark Karni deyib.

Karni Kanada və Aİ-nin eyni dəyərləri paylaşdığını, eyni prioritetlərə sahib olduğunu və güclü tərəflərinin bir-birini tamamladığını vurğulayıb.

Kanada Baş naziri Ottavanın Avropa İttifaqına üzv olmaq istəmədiyini bildirib.

“The Wall Street Journal”ın məlumatına görə, Mark Karni Avropa İttifaqı ilə əlaqələrini gücləndirməyə çalışır və Kanadanın assosiativ üzv statusu alması imkanlarını araşdırır. Baş nazir Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla, bir neçə Aİ lideri ilə müntəzəm olaraq kanadalılara Aİ-də vizasız yaşamaq və işləmək hüququnun verilməsi imkanlarını müzakirə edir. Tərəflər həmçinin dənizaltı kabellər, məlumat mərkəzlərinin birgə tikintisi, bulud saxlama və yeni peyk şəbəkələri və Kanada enerji ehtiyatlarının təchizatı üçün infrastruktur barədə danışıqlar aparırlar.