BAKI, 19 sentyabr. TELEQRAF

Süni intellekt (Sİ) texnologiyaları və avtonom sistemlər gələcəkdə hərbi əməliyyatların xarakterini müəyyən edən əsas amillərdən olacaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset Texas ştatının Ostin şəhərində çıxışı zamanı deyib.

“Gələcəkdə hərbi əməliyyatların aparılması süni intellekt və avtonom sistemlərə əsaslanacaq. Müdafiə Nazirliyinin əsas prioriteti hərbçilərimizi daha böyük zərbə imkanları ilə təmin etməkdir”, – Heqset bildirib.

Pentaqon rəhbərinin sözlərinə görə, avtonom sistemlərin geniş tətbiqi gələcəkdə hərbçilərin döyüşlərdə birbaşa iştirakına ehtiyacı azalda bilər.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Pentaqonun müdafiə sahəsində istifadə edilən bütün süni intellekt sistemləri üçün fövqəladə söndürmə mexanizminin mövcudluğuna zəmanət verməli olduğunu bildirmişdi.