BAKI, 15 sentyabr. TELEQRAF

ABŞ-nin müdafiə naziri Pit Heqsetin rəhbərliyi dövründə Pentaqonda yaranmış qarışıqlıq hərbi komandanlığın prioritet vəzifələrə diqqət yetirməsinə mane olur.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazıb.

Nəşrin məlumatına görə, Heqsetin rəhbərliyi dövründə Pentaqonda müasir tarixdə görünməmiş şəkildə yüksək rütbəli zabitlər arasında kadr təmizləmələri aparılıb. Zabitlərin harada təhsil ala biləcəkləri, eləcə də elmi işlərində hansı fikirləri ifadə edə biləcəkləri ilə bağlı məhdudiyyətlər tətbiq olunub.

Məlumat sızmaları səbəbindən qurum daxilində yaranmış etimadsızlıq fonunda məxfi məlumatların mediaya ötürülməsi mənbələrini müəyyənləşdirmək üçün poliqrafdan geniş istifadə edildiyi bildirilir.

NYT qeyd edir ki, İranla müharibə fonunda hərbçilərin, xüsusilə dənizçilərin mənəvi-psixoloji vəziyyətinin pisləşməsi və raket əleyhinə sistemlər üçün tutucu raket çatışmazlığı Pentaqonun üzləşdiyi problemləri daha da artırıb.

Qəzetin danışdığı hazırkı və keçmiş Pentaqon əməkdaşlarının sözlərinə görə, Heqsetin fəaliyyəti yüksək hərbi rəhbərliyin əsas prioritetlərdən yayınmasına və rəhbər şəxslər arasında etimadsızlıq mühitinin dərinləşməsinə səbəb olub.

Bildirilir ki, Heqset uzun illər təcrübəsi olan 80-ə yaxın general və admiralı istefaya göndərib və ya onların vəzifədə yüksəlməsinin qarşısını alıb. Nəticədə Pentaqonun yüksək rəhbərliyində bir sıra vəzifələr uzun müddətdir vakant qalır.