BAKI, 31 iyul. TELEQRAF
Türkiyə hələlik ABŞ-nin F-35 qırıcılarının satışı üçün müəyyən etdiyi tələblərə cavab vermir.
Teleqraf xəbər verir ki, bu barədə “Fox News” ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi məktuba istinadən məlumat yayıb.
Sənəddə bildirilib ki, ABŞ qanunvericiliyi Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinə və onlarla əlaqəli avadanlıqlara sahib olduğu müddətdə Ankaraya F-35 qırıcılarının verilməsini qadağan edir.
Bundan başqa, Türkiyənin gələcəkdə S-400 sistemləri almayacağına dair öhdəlik götürməsi və Konqres tərəfindən müəyyən edilmiş digər tələbləri yerinə yetirməsi tələb olunur.
“Türkiyə hələlik bu şərtlərə cavab vermir”, - Dövlət Departamentinin iyulun 22-də Konqresə göndərdiyi məktubda qeyd olunub.
Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan dörd divizion S-400 sistemi aldıqdan sonra F-35 proqramından çıxarılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 7-8-də Ankarada keçirilən NATO sammitindən sonra ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 qırıcılarının tədarükünə müsbət yanaşdığını bildirmişdi.
Tramp da daha əvvəl Türkiyəyə F-35-lərin satışını təsdiqləməyə meyilli olduğunu açıqlayıb. Bununla belə, ABŞ Prezidenti yekun qərarın hələ qəbul edilmədiyini və məsələnin qiymətləndirildiyini vurğulayıb.