BAKI, 31 iyul. TELEQRAF

“Düzdür, 120 dəqiqə oynamaq bu mərhələdə komandamız üçün bir qədər ağır oldu. Futbolçular hələ belə yüklənməyə tam hazır deyillər. Amma istənilən halda maraqlı oyun keçdi və azarkeşlər bundan zövq aldı”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA (Sofiya) ilə keçirilən cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis penaltilər seriyasında uduzduqları qarşılaşmanı belə şərh edib:

“İlk növbədə rəqibi təbrik edirəm. Yaxşı oyun alındı. Daha əvvəl də demişdim ki, qarşımızda güclü komanda var. Hətta düşünürəm ki, komandalarımız səviyyəcə bir-birinə yaxındır. Bunu nəticə də göstərdi.

Deyəcək çox söz yoxdur. Futbolçular əsl xarakter nümayiş etdirdilər. Onların oyuna yanaşmasından razı qaldım. İndi növbəti qarşılaşmaya hazırlaşacağıq.

Qol vura bilməməyimizin səbəbi rəqibin güclü və mübariz komanda olması idi. Bəzi epizodlarda daha dəqiq oynamalı idik. Yorğunluq fonunda həm texniki, həm də digər səhvlər olur. Mənim üçün vacib olan odur ki, futbolçular son dəqiqəyədək mübarizə apardılar. İnanıram ki, bu texniki çatışmazlıqları tədricən aradan qaldıracağıq.

Savoya gəlincə, dediyim kimi, futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər. O, sürətli oyunçudur və belə futbolçularda bu cür zədələr baş verə bilir”.

Qeyd edək ki, ÇSKA (Sofiya) ilə hər iki oyunda hesab açılmasa da, Bolqarıstan təmsilçisi penaltilər seriyasında 5:4 hesablı qələbə qazanaraq UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib. “Qarabağ” isə mübarizəsini UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək.