BAKI, 31 iyul. TELEQRAF
Belçika hakimiyyəti casusluq şübhəsi ilə saxlanılan NATO-nun kanadalı təcrübəçisinin Çin üçün işlədiyindən şübhələnir.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” istintaqla bağlı məlumatlı iki mənbəyə istinadən məlumat yayıb.
Belçika prokurorluğu daha əvvəl qadının Mons şəhərində yerləşən NATO-nun hərbi qərargahında çalışdığını açıqlayıb. Çin əsilli Kanada vətəndaşı olan qadın üçüncü ölkənin xeyrinə casusluqda və cinayətkar təşkilata üzv olmaqda şübhəli bilinir. Prokurorluq həmin ölkənin adını açıqlamasa da, “Reuters”in mənbələri söhbətin Çindən getdiyini bildiriblər.
Məlumata görə, Kler Z. kimi təqdim edilən şübhəlinin 30 yaşlarında olduğu və təxminən bir il əvvəl NATO-nun Avropada Müttəfiq Qüvvələrin Ali Baş Qərargahında (SHAPE) təcrübə proqramına başladığı bildirilir. O, qərargahın informasiya texnologiyaları şöbəsində çalışıb.
Mənbənin təsdiqlədiyi “LinkedIn” profilinə əsasən, Kler Z. bundan əvvəl Avropa Kosmik Agentliyi və Ümumdünya Ticarət Təşkilatında da işləyib.
Belçika prokurorluğunun məlumatına görə, şübhəlinin həbs müddəti bir ay uzadılıb. O, qərardan apellyasiya şikayəti verib və şikayətə yaxın iki həftə ərzində baxılması gözlənilir.
Şübhəli şəxsin Belçika kəşfiyyatına NATO-nun SHAPE qərargahı tərəfindən davranışları ilə bağlı müşahidələrdən sonra bildirildiyi qeyd olunur.
NATO nümayəndəsi hadisənin alyansın əməliyyat hazırlığına, komanda-idarəetmə sisteminə və davam edən missiyalarına təsir göstərdiyinə dair hər hansı əlamətin olmadığını açıqlayıb.