BAKI, 31 iyul. TELEQRAF
İsrail qüvvələri HƏMAS-ın tam silahsızlanması prosesi başa çatdıqdan sonra Qəzza sektorundan çıxarılacaq.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında açıqlayıb.
ABŞ liderinin sözlərinə görə, HƏMAS-ın tam silahsızlanması ilə bağlı Sülh Şurasının əldə etdiyi razılaşma onun Qəzza üzrə 20 bəndlik planının həyata keçirilməsində mühüm mərhələdir.
“Razılaşma mərhələli şəkildə və diqqətlə hazırlanmış plan əsasında həyata keçiriləcək. Silahsızlanma başa çatdıqdan sonra İsrail qüvvələri çıxarılacaq, beynəlxalq sabitləşdirmə qüvvələri isə Qəzza sektorunun sakinlərinin və qonşularının təhlükəsizliyini təmin etmək üçün Fələstin polisi ilə birlikdə fəaliyyət göstərəcək”, - Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, razılaşma Qəzzanın gələcəkdə yeni Fələstin hökuməti tərəfindən idarə olunması istiqamətində mühüm addımdır. Onun sözlərinə görə, həmin hökumət fələstinlilərə yardım göstərilməsi məqsədilə Sülh Şurası ilə sıx əməkdaşlıq edəcək.
Tramp həmçinin bildirib ki, planın həyata keçirilməsi İsrailin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək və Qəzza ərazisinin gələcəkdə hücumlar üçün istifadə edilməsinin qarşısını alacaq.