BAKI, 31 iyul. TELEQRAF

Avropa İttifaqı (Aİ) Liviyanın şərqindəki Benqazi şəhərində Dəniz Xilasetmə Koordinasiya Mərkəzinin yaradılması ilə bağlı planı razılaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Aİ-nin Liviyadakı səfiri Nikola Orlandoya istinadən məlumat yayıb.

Orlando bildirib ki, mərkəzin yaradılması ilə bağlı prosedurlar Aİ-nin “IRINI” dəniz əməliyyatı çərçivəsində yekunlaşdırılıb. Layihənin maliyyələşdirilməsini İtaliya və Malta həyata keçirəcək.

Razılaşma Romada “IRINI” əməliyyatının komandanı kontr-admiral Marko Kasapyeri, Maltanın İtaliyadakı səfiri Daniel Azzopardi və Liviya Ərəb Silahlı Qüvvələri komandanlığının baş katibi general Xeyri Tamiminin iştirakı ilə keçirilən görüşdən sonra əldə olunub.

“Reuters” qeyd edir ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviya Aralıq dənizi vasitəsilə Avropaya çatmağa çalışan miqrantların əsas tranzit marşrutlarından birinə çevrilib.

Aİ rəsmi olaraq yalnız Tripolidə yerləşən hökuməti tanısa da, son bir ildə Liviyanın şərqindəki hakimiyyət orqanları ilə təmaslarını artırıb. Buna səbəb hərbi komandan Xəlifə Haftarın nəzarətində olan ərazilərdən Avropaya üz tutan miqrantların sayının artmasıdır.

Benqazidə yaradılacaq mərkəz insan hüquqları təşkilatlarının tənqidinə səbəb olub. Onlar Liviyanın dənizdə nəzarət imkanlarının gücləndirilməsinin daha çox miqrant qayığının saxlanılmasına və insanların yenidən Liviyaya qaytarılmasına gətirib çıxara biləcəyini bildirirlər.

Aİ rəsmiləri isə Liviya ilə əməkdaşlığın dənizdə təhlükəsizliyin artırılması, insan qaçaqmalçılığı şəbəkələri ilə mübarizə və miqrantların ölüm hallarının azaldılması üçün zəruri olduğunu bildirirlər.