BAKI, 31 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp HƏMAS və Qəzza sektorundakı digər silahlı qruplaşmaların tam silahsızlanmasını nəzərdə tutan razılaşmanın əldə edildiyini bildirib.

Teleqraf xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Bu gün Sülh Şurası HƏMAS-ın və Qəzza sektorundakı bütün digər silahlı qruplaşmaların tam silahsızlanması ilə bağlı tarixi əhəmiyyətli razılaşma əldə edib. Bu, davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində nəhəng addımdır”, - Tramp qeyd edib.

Razılaşmanın detalları barədə hələlik əlavə məlumat verilməyib.

***

02:44

ABŞ administrasiyası Fələstinin HƏMAS hərəkatının yaxın günlərdə silahsızlanma prosesinə başlanmasını nəzərdə tutan razılaşmanı imzalayacağını gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Ağ Ev və ABŞ-nin təşəbbüsü ilə yaradılmış Sülh Şurası HƏMAS-ın yaxın günlərdə silahsızlanma və Qəzza sektorunun demilitarizasiyasına başlanması barədə razılaşmanı imzalaya biləcəyini düşünür.

Portal qeyd edir ki, belə bir razılaşmanın əldə olunması ABŞ-nin Qəzza ilə bağlı irəli sürdüyü sülh planının həyata keçirilməsi istiqamətində ciddi irəliləyiş ola bilər.

Bildirilib ki, Sülh Şurası, eləcə də Misir, Qətər və Türkiyədən olan vasitəçilər bir neçə aydır HƏMAS-la Qəzzanın demilitarizasiyası və anklavda hakimiyyətin texnokratlardan ibarət komitəyə verilməsi ilə bağlı danışıqlar aparırlar.

“Axios”un mənbələrinə görə, Misirdə keçirilən danışıqlar artıq yekun mərhələyə daxil olub. Qətər, Türkiyə və Misir nümayəndələrinin razılaşmanın imzalanması üçün HƏMAS-a ciddi təzyiq göstərdiyi bildirilir. İran nümayəndələrinin isə HƏMAS-a qərar verməyə tələsməməyi və vaxt qazanmağı tövsiyə etdiyi iddia olunur.

Müzakirə edilən razılaşmaya əsasən, HƏMAS qüvvələrinin altı-səkkiz ay ərzində ağır və yüngül silahlardan imtina etməsi nəzərdə tutulur. Hərəkatın həmçinin mövcud tunel şəbəkələrinin, silah istehsalı və saxlanılması obyektlərinin xəritələrini təqdim etməsi tələb olunur.