BAKI, 31 iyul. TELEQRAF

İnsan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyi Fransa və İspaniyada meşə yanğınlarının yayılması üçün əlverişli olan ekstremal hava şəraitinin yaranma ehtimalını əhəmiyyətli dərəcədə artırıb.

Teleqraf xəbər verir ki, bu barədə “World Weather Attribution” (WWA) alimlər qrupunun araşdırmasına istinadən “Reuters” məlumat yayıb.

Araşdırmaya görə, iqlim dəyişikliyi Fransanın cənub-qərbində hazırkı yanğınlara şərait yaradan isti, quru və küləkli havanın yaranma ehtimalını iki dəfə, İspaniyanın mərkəzi hissəsində isə 20 dəfə artırıb.

Hazırda hər iki ölkədə davam edən meşə yanğınları yüz minlərlə insanın təxliyəsinə səbəb olub, geniş ərazilər yanaraq məhv olub.

Alimlərin hesablamalarına əsasən, indiki iqlim şəraitində bu intensivlikdə yanğın təhlükəsi yaradan hava Fransanın cənub-qərbində təxminən hər 20 ildən bir, İspaniyanın mərkəzində isə hər altı ildən bir müşahidə oluna bilər.

London İmperial Kollecinin tədqiqatçısı Kler Barns bildirib ki, iqlim dəyişikliyinin isti, quru və asanlıqla alışan şəraiti gücləndirdiyi dəfələrlə müşahidə olunub. Onun sözlərinə görə, hazırkı vəziyyəti xüsusilə təhlükəli edən amil yanğın mövsümünün hələ başlanğıcında olunması və regionda növbəti isti hava dalğasının gözlənilməsidir.

Tədqiqatçılar Avropada yanğın riskini artıran mühüm amillərdən birinin yağıntılı qışdan sonra quraq yaz və yayın gəlməsi olduğunu bildirirlər. Yağıntılı dövrdə bitki örtüyü sürətlə artır, sonrakı quraqlıq isə onu qurudaraq yanğınların yayılması üçün böyük həcmdə yanıcı material yaradır.

Qeyd edək ki, İspaniyada bu ilin yanvarı son 25 ilin ən yağıntılı yanvarı olub. Ölkənin meteorologiya qurumunun məlumatına görə, hazırkı yay isə müşahidələr tarixində ən isti yaydır. Fransa da ilin dördüncü isti hava dalğası ilə üzləşib.