BAKI, 31 iyul. TELEQRAF

İsrail ordusu Livanın cənubunda “Hizbullah” hərəkatının istifadə etdiyi bildirilən bir neçə yeraltı tuneli partladıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında bildirilib.

Məlumata görə, Bofor silsiləsi ərazisində yerləşən tunellərin məhv edilməsi üçün təxminən 700 ton partlayıcıdan istifadə olunub. Obyektlərin XII əsrdə əsası qoyulmuş Bofor qalasının xarabalıqları yaxınlığında yerləşdiyi qeyd edilib.

İsrail tərəfi əməliyyatın “Hizbullah” qüvvələrinin atəşkəs razılaşmasını pozmasından sonra həyata keçirildiyini bildirib. Bəyanatda məhv edilən tunellərin “Hizbullah”ın İsrailin şimalına mümkün hücum planında mühüm rol oynadığı iddia olunub.

“İsrail dövləti atəşkəs razılaşmasının heç bir şəkildə pozulmasına dözməyəcək. ‘Hizbullah’ın İsrail ordusuna və ya İsrail vətəndaşlarına zərər vurmaq cəhdinə sərt və güclü cavab veriləcək”, – bəyanatda vurğulanıb.

İsrail ordusunun məlumatına görə, məhv edilən obyektlər “Hizbullah”ın hərbi qanadı üçün strateji əhəmiyyət daşıyıb və onlardan biri bölgədə əsas komanda məntəqəsi kimi istifadə olunub. İsrail tərəfi həmin infrastrukturdan ölkə ərazisinə onlarla pilotsuz uçuş aparatı və raketin buraxıldığını da iddia edib.