BAKI, 31 iyul. TELEQRAF
ABŞ-nin Corciya ştatında oğluna sonradan məktəbdə kütləvi qətl törətmək üçün istifadə etdiyi tüfəngi verən Kolin Qrey 15 il müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf xəbər verir ki, 55 yaşlı Kolin Qreyin oğlu, 16 yaşlı Kolt Qrey 2024-cü ildə Corciyadakı məktəbdə 4 nəfəri güllələyərək öldürüb. Yeniyetmə iyulun 28-də şərti azadlığa buraxılmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.
İki gün sonra eyni məhkəmənin hakimi Nikolas Primm onun atasına 15 il həbs cəzası verib. Prokurorluq Kolin Qrey üçün 80 il həbs tələb etmişdi.
Hakim bildirib ki, atanın səhlənkarlığı faciəyə və ölçüyəgəlməz iztirablara səbəb olsa da, onun əməlləri oğlunun törətdiyi cinayətdən hüquqi baxımdan fərqləndirilməlidir.
Kolin Qreyin işi Corciyada övladının törətdiyi kütləvi atışmaya görə valideynin ikinci dərəcəli qətldə təqsirli bilindiyi ilk hadisədir.
Prokurorluq Kolin Qreyin oğlundakı təhlükəli meyillərdən xəbərsiz olması barədə müdafiə tərəfinin arqumentini qəbul etməyib. Məhkəmədə bildirilib ki, Kolt Qrey otağının divarında 2018-ci ildə Floridanın Parkland şəhərində məktəbdə kütləvi qətl törədən silahlı şəxslə bağlı xüsusi guşə yaratmışdı.
Prokuror Bred Smitin sözlərinə görə, təhlükə hər gün atasının “gözü qarşısında” olub.