BAKI, 31 iyul. TELEQRAF
“Microsoft”un bazar dəyəri bir gündə təxminən 450 milyard dollar artaraq şirkətlər arasında indiyədək qeydə alınmış ən böyük gündəlik artıma imza atıb.
Teleqraf xəbər verir ki, bu barədə LSEG-nin məlumatlarına istinadən “Reuters” məlumat yayıb.
İyulun 30-da “Microsoft”un səhmləri 15 faizdən çox bahalaşıb və şirkətin bazar kapitallaşması 3,35 trilyon dollara çatıb.
Bununla da “Microsoft” “Nvidia”nın 2025-ci il aprelin 9-da qeydə aldığı 441 milyard dollarlıq birgünlük artım rekordunu geridə qoyub.
Səhmlərin kəskin bahalaşmasına şirkətin bulud xidmətləri üzrə gözləntiləri üstələyən artım proqnozu və yeni maliyyə ilində güclü pul axınının davam edəcəyinə dair açıqlamaları səbəb olub.
Ekspertlərin fikrincə, maliyyə nəticələri “Microsoft”un süni intellekt sahəsinə yatırdığı böyük həcmli investisiyaların artıq gəlir gətirməyə başladığını göstərir. Bu da məlumat mərkəzlərinə və hesablama infrastrukturuna çəkilən yüksək xərclərlə bağlı investorların narahatlığını qismən azaldıb.
Şirkət 2027-ci maliyyə ilinin birinci rübündə “Azure” bulud platformasının gəlirlərinin sabit məzənnə əsasında 45 faiz artacağını proqnozlaşdırır. Analitiklər isə 40,92 faizlik artım gözləyirdilər.
“Microsoft” həmçinin investisiya planlarının dəyişmədiyini açıqlayıb. Şirkət 2027-ci maliyyə ilinin ilk rübündə 50 milyard dollar, 2026-cı təqvim ili ərzində isə ümumilikdə 175 milyard dollar kapital xərcləri nəzərdə tutur.