BAKI, 26 iyul. TELEQRAF

ABŞ hakimiyyəti Braziliyada keçiriləcək prezident seçkilərinə müdaxilə etmək niyyətində olması ilə bağlı iddiaları qəti şəkildə rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi "Financial Times"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ-nin demokratik ölkədə seçkiləri pozmağa çalışdığı barədə iddialar əsassız yalandır.

Bildirilib ki, Braziliyaya səfər etməli olan Dövlət Departamentinin iki əməkdaşının hökumət rəsmiləri və dini liderlərlə planlaşdırılmış görüşləri nəzərdə tutulurdu.

Qeyd edək ki, Bundan əvvəl "Reuters" Braziliyanın iki amerikalı diplomata viza vermədiyini, buna səbəb kimi isə onların ölkədə keçiriləcək prezident seçkilərinə mümkün təsiri ilə bağlı narahatlığın göstərildiyini yazmışdı.

Xatırladaq ki, Braziliyada prezident seçkiləri oktyabr ayında keçiriləcək. Hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silva namizədliyini irəli sürüb. Onun əsas rəqibinin sabiq prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaru olacağı gözlənilir.