BAKI, 9 sentyabr. TELEQRAF

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rasim müəllim, Rusiya ilə Ermənistan arasında son zamanlar müşahidə olunan gərginliyin əsas səbəbi nədir? Bişkekdə iki ölkə liderinin görüşündə bu gərginlik özünü açıq şəkildə göstərdi. Sizcə, Kreml-İrəvan soyuqluğu nə ilə nəticələnə bilər?

- Ermənistan Baş naziri Nikol Paşinyanın Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə verdiyi mesaj ondan ibarət idi ki, “biz daha sizin forpostunuz deyilik, bizim maraqlarımızı nəzərə alın”. İndi bəziləri iddia edir ki, Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik yaşanır. Amma Paşinyanın belə bir niyyəti yoxdur.

Buna baxmayaraq Putinin indiki durumda Ermənistanı “cibində daşımaq” iddiası da qəbul olunmur. Əgər Kreml bundan sonra İrəvana hansısa formada təzyiq edəcəksə cavabını alacaq.

- Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması mesajının arxasında hansı amillər dayanırdı?

- Ermənistan ərazisində Rusiyaya məxsus iki hərbi baza var. Biri Erabuni aeroportundakı hərbi hava bazası, digəri isə Gümrüdəki 102 saylı hərbi bazadır. Rusiya tərəfi bu hərbi bazalara görə Ermənistana heç bir icarə haqqı ödəməyib. Hərbi bazaların kommunal xərclərini də İrəvan təmin edir. Sadəcə Kreml bunun müqabilində Ermənistana ya pulsuz silah verir, ya da kredit ayırırdı. Hamı anlayırdı ki, bu kreditlərin qaytarılması mümkün deyil.

İndi isə Rusiya Ermənistana pul qarşılığında belə silah vermək iqtidarında deyil. Çünki özü iqtisadi cəhətdən çətinliklər içərisindədir. Rusiyanın Ermənistana verdiyi qazın qiymətini qaldıracağı halda İrəvanın rus hərbi bazalarını ərazidən çıxaracağı qaçılmaz addım olacaq.

- Erməni tərəfinin əsas iddiası nədən ibarətdir?

- Rəsmi İrəvan ona lazım olanda zəruri dəstəyin verilmədiyini əsas gətirərək bundan sonra Rusiya hərbi bazalarının ərazidə qalması müqabilində icarə haqqının qarşılanmasını tələb edir.

- Ermənistan dəmir yolu şəbəkəsinin Rusiyanın idarəçiliyində olması Zəngəzurdan keçəcək dəhlizlə bağlı hər hansı bir əngəl yarada bilərmi?

- Ermənistanın özü də tranzit ölkəyə çevrilməkdə maraqlıdır. Eyni zamanda hazırda Rusiyaya məxsus dəmir yolu şəbəkəsi sanksiya altındadır. Yük daşıma ilə məşğul olan böyük şirkətlər Rusiyanın dəmir yolları ilə əməkdaşlıq etmək istəmir. Bu halda yüklərin Zəngəzurdan, yəni TRIPP yolundan keçərək Naxçıvandan Türkiyəyə keçidi təmin oluna bilər.

Hazırda Türkiyə tərəfi Qarsdan Naxçıvana dəmir yolu çəkir. Beləliklə Ermənistan təkcə 40 kilometrlik TRIPP marşurutundan deyil, bütüövlıükdə tranzitin öz ərazisindən keçməsində maraqlıdır.