BAKI, 9 sentyabr. TELEQRAF
Fransalı vinger Mussa Diabi “Bayer Leverkuzen”ə qayıtmaq üçün böyük maliyyə güzəştinə gedib.
Teleqraf “Sport Bild”ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan ayrılaraq Bundesliqaya dönmək naminə 15 milyon avro xalis gəlirdən imtina edib.
Diabinin “Əl-İttihad”la 2029-cu ilə qədər müqaviləsi olub. Tərəflər müqaviləyə xitam verdikdən sonra futbolçu yalnız qismən təzminat alıb.
Bununla belə, keçid son anda baş tutmamaq təhlükəsi ilə üzləşib. Diabi məsələyə şəxsən müdaxilə edərək Səudiyyə klubunun rəhbərliyi ilə əlaqə saxlayıb və onun üçün “artıq geri dönüşün qətiyyən mümkün olmadığını” açıq şəkildə bildirib.
Nəticədə fransalı futbolçu “Bayer”ə qayıdıb. Leverkuzen təmsilçisi onunla 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Diabi yeni komandasında 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Mussa Diabi 2019–2023-cü illərdə “Bayer Leverkuzen”də çıxış edib. Daha sonra 55 milyon avroya “Aston Villa”ya, oradan isə 60 milyon avroya “Əl-İttihad”a transfer olunub.