BAKI, 9 sentyabr. TELEQRAF
Azərbaycanda damüstü günəş panellərinin quraşdırılması üçün artıq heç bir hüquqi əngəl yoxdur.
Teleqraf xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov deyib.
O bildirib ki, hər bir vətəndaş, hüquqi və fiziki şəxs 150 kVt-a qədər gücə malik mini günəş elektrik stansiyası qura bilər:
“150 kilovat hardasa 300 ədəd günəş panelidir. Hər bir vətəndaş öz həyətində, şirkətinin həyətində və ya damında belə bir mini stansiya qura bilər”, - deyə E.Soltanov bildirib.
Onun sözlərinə görə, bu sahə mütəxəssislər üçün yeni gəlir və karyera imkanları da yaradır:
“Mini günəş stansiyalarının quraşdırılması ilə yanaşı, onların texniki xidməti və idarə olunması üzrə də mütəxəssislərə ehtiyac yaranacaq”.
E.Soltanov enerji sektorunda elektrik mühəndisləri ilə yanaşı, ixtisaslaşmış iqtisadçı və hüquqşünaslara da ehtiyac olduğunu vurğulayıb.