BAKI, 9 sentyabr. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu BƏƏ-nin 2023-cü il 7 oktyabr hadisəsindən az əvvəl BƏƏ-nin onu HƏMAS-ın yaxınlaşan hücumu təhlükəsi barədə xəbərdar etdiyi haqda məlumatı rədd edib.

Teleqraf xəbər verir ki, o, “Haaretz” qəzetində dərc olunan bu materialı “böhtan” adlandıraraq, müəlliflərini məhkəməyə verəcəyini bildirib.

“Bu, heç vaxt baş verməmiş hadisə barədə uydurulmuş hekayədir. İddiaların əksinə olaraq, sentyabrın əvvəlindən 7 oktyabradək baş nazirlə BƏƏ prezidenti arasında heç bir telefon danışığı olmayıb”, - o deyib.

Netanyahunun fikrincə, söhbət aşkar siyasi məqsəd daşıyan qərəzli böhtandan, solçuların seçki kampaniyasından gedir:

“Bundan sonra da belə yalan və böhtan dolu materiallar olacaq. Bu böhtan cəmiyyətin artıq başa düşdüyü məsələdən diqqəti yayındırmaq məqsədi daşıyır”.

Baş nazir vaxtında tədbirlərin görülməməsinə görə həmin vaxt İsrailin Baş Təhlükəsizlik Xidmətinin rəhbəri olan Ronen Barı və Baş Qərargah rəisi vəzifəsini tutan Herzi Halevini tənqid edib:

“Ronen Bar və Herzi Halevi hücumun yaxınlaşdığını göstərən bütün əlamətləri başlamazdan saatlar əvvəl görmüşdülər. Əgər onlar vəziyyətin yanlış qiymətləndirilməsi ilə bağlı narahatlıq keçirmək əvəzinə İsrail Müdafiə Ordusuna, Baş Təhlükəsizlik Xidmətinə və özünümüdafiə dəstələrinə qabaqlayıcı tədbirlər görmək barədə göstəriş, həmçinin Baş nazir Netanyahuya vaxtında məlumat versəydilər, dəhşətli qırğının qarşısını almaq mümkün olardı”.