BAKI, 9 sentyabr. TELEQRAF
“İran akvatoriyanın qadağan olunmuş zona elan etdiyi ərazisinə daxil olan bütün gəmilərin Hörmüz boğazından keçidini həmişəlik qadağan edəcək”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhebi deyib.
“İstənilən gəmi Hörmüz boğazının koordinatları açıqlanacaq qadağan olunmuş zonasından keçərsə, həmin gəmiyə bütün dəniz, sığorta və logistika xidmətlərinin göstərilməsi dayandırılacaq. Həmin gəmi sonrakı cəhdlərində belə Hörmüz boğazından keçmək hüququndan məhrum ediləcək”, - o bildirib.
SEPAH nümayəndəsi qeyd edib ki, qadağan olunmuş zona Hörmüz boğazının şərqində yerləşən ərazini, Çabahar limanı ətrafını, Oman və Ərəb dənizinin bir hissəsini əhatə edəcək.