BAKI, 24 iyul. TELEQRAF

ABŞ Milli Kəşfiyyat Direktoru Aparatında iyunun əvvəlindən bəri təxminən 200 əməkdaş ya işdən çıxarılıb, ya da başqa vəzifələrə keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" ABŞ administrasiyasının Konqresə təqdim etdiyi məlumatlara istinadən yazıb.

Nəşrin məlumatına görə, son həftələr həyata keçirilən ixtisarlar əvvəl məlum olandan daha genişmiqyaslı olub. Bildirilir ki, Donald Trampın ikinci prezidentlik müddətinin əvvəlində təxminən 2 min nəfər olan aparatın əməkdaş sayı hazırda demək olar ki, iki dəfə azalıb.

CNN iyunda mənbələrə istinadən xəbər vermişdi ki, Milli Kəşfiyyat Direktoru vəzifəsini müvəqqəti icra edən Bill Pulti qurumda genişmiqyaslı ixtisarlara başlayıb. Televiziya kanalının məlumatına görə, Donald Tramp onu bu vəzifəyə təyin edərkən yüzlərlə əməkdaşın ixtisar olunmasını gözləyib.

ABŞ Konqresi Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsi isə iyulun 21-də Cey Kleytonun Milli Kəşfiyyat Direktoru vəzifəsinə təsdiqlənməsini Senata tövsiyə edib. Bu vəzifəni tutan şəxs ABŞ-ın 18 kəşfiyyat qurumunun fəaliyyətinin rəsmi əlaqələndiricisi hesab olunur.

Donald Tramp Cey Kleytonun namizədliyini iyunun 11-də irəli sürüb. Onun təyinatı qüvvəyə minməsi üçün Senat tərəfindən təsdiqlənməlidir.