BAKI, 17 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkədə fəaliyyət göstərdiyini iddia etdiyi “dərin dövlət” nümayəndələrinin Çin tərəfindən seçkilərə mümkün müdaxilə ilə bağlı məlumatları gizlətdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə xalqa televiziya müraciəti zamanı danışıb.

Onun sözlərinə görə, yaxın vaxtlarda açıqlanacaq sənədlər ABŞ kəşfiyyat strukturlarının bəzi nümayəndələrinin seçkilərə xarici müdaxilə ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasının qarşısını almağa çalışdığını göstərir.

“İctimaiyyətə təqdim edəcəyimiz ikinci sənədlər paketi göstərir ki, “dərin dövlət” adlandırılan və bir çox hallarda kəşfiyyat icmasının üzvlərindən ibarət olan tanınmış qrup Çinin seçkilərə müdaxiləsinin miqyası barədə məlumatları gizlətmək və əhəmiyyətini azaltmaq üçün çalışıb. Bu məlumatlar həm prezidentdən, həm də Amerika xalqından gizlədilib”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti çıxışında sözügedən iddiaları təsdiqləyən konkret sənədləri və ya faktları açıqlamayıb.