BAKI, 14 fevral. TELEQRAF

ABŞ-nin Miqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) bu ilin sonuna qədər ölkə üzrə saxlanma və emal mərkəzlərinə 38,3 milyard dollar xərcləməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə planın icmal sənədində qeyd edilib.

Məlumata görə, sənəd ABŞ Daxili Təhlükəsizlik Departamenti tərəfindən Nyu-Hempşir ştatının qubernatoru Kelli Ayottun sorğusundan sonra təqdim edilib. Plan on minlərlə miqrantın saxlanılması və deportasiya üçün emalı məqsədilə yeni infrastrukturun yaradılmasını nəzərdə tutur.

Sənədə əsasən, ICE mövcud 16 binanı alaraq onları 1 000–1 500 nəfərlik regional emal mərkəzlərinə çevirməyi planlaşdırır. Bu mərkəzlərdə saxlanma müddəti orta hesabla üç-yeddi gün olacaq. Bundan əlavə, hər biri 7 000–10 000 nəfər tutumuna malik səkkiz iri saxlanma mərkəzinin açılması nəzərdə tutulur. Bu obyektlər orta hesabla 60 gün saxlanma müddəti ilə ölkədən kənara deportasiya ediləcək şəxslər üçün əsas məkan olacaq. Eyni zamanda, artıq fəaliyyət göstərən daha 10 “hazır” obyektin də alınması planlaşdırılır.

Sənəddə qeyd olunur ki, bu mərkəzlər 2026-cı ildə 12 min yeni agentin işə qəbulundan sonra gözlənilən həbslərin artımı fonunda zəruridir. ICE bildirir ki, yeni model müqavilə əsasında istifadə olunan obyektlərin sayını azaldaraq ümumi yataq tutumunu artırmağa, saxlanmanın idarə edilməsini yaxşılaşdırmağa və deportasiya proseslərini sürətləndirməyə imkan verəcək.

Plan çərçivəsində binalarda saxlanma sahələri, tibbi və stomatoloji xidmətlər, yeməkxanalar, istirahət zonaları, yataqxanalar və məhkəmə zalları yaradılacaq. Sənəddə obyektlərin “təhlükəsiz və humanist mülki saxlanma” təmin edəcəyi vurğulanır.

“Reuters” yazır ki, bu mərkəzlərin maliyyələşdirilməsi 2025-ci ilin iyulunda Respublikaçıların nəzarətində olan Konqresin qəbul etdiyi iri xərclər paketi hesabına həyata keçiriləcək. “One Big Beautiful Bill” adlanan həmin paket miqrasiya nəzarəti üçün ümumilikdə 170 milyard dollar, o cümlədən saxlanma üçün 45 milyard dollar vəsait nəzərdə tutur. Müqayisə üçün, 2024-cü maliyyə ilində bu məqsədlə cəmi 3,4 milyard dollar ayrılmışdı.

Sənədə görə, yeni obyektlər 2026-cı ilin noyabrının sonuna qədər istifadəyə verilə və ICE-in ümumi saxlanma tutumunu 92 600 yerə çatdıra bilər. Hökumət məlumatlarına əsasən, Donald Trampın 2025-ci ilin yanvarında yenidən prezident vəzifəsinə qayıtmasından sonra ICE-in saxlanmasında olan şəxslərin sayı təxminən 74 faiz artaraq bu ay 68 mindən çox olub.

Agentlik qeyd edir ki, Tramp administrasiyası genişmiqyaslı miqrasiya nəzarətini davam etdirir: iri şəhərlərə əlavə agentlər göndərilib, qanunsuz yaşayan miqrantların həbsi artırılıb, sərhəddən qeyri-qanuni keçidlərə qarşı tədbirlər sərtləşdirilib və deportasiya oluna bilən şəxslərin dairəsi genişləndirilib.