BAKI, 9 sentyabr. TELEQRAF
“Mançester Yunayted” dünyanın ən böyük klublarından biridir. Buna görə də meydana çıxmaq qürurverici an olacaq.
Teleqraf xəbər verir ki, bunu “Sabah”ın oyunçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının I turunda “Mançester Yunayted”lə oyundan öncə “BBC World Service”ə açıqlamssında deyib.
Uşaqlıqdan “Mançester Yunayted” azarkeşi olan 32 yaşlı ruandalı hücumçu cümə axşamı ömürlük arzusunu gerçəkləşdirəcək. Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda Azərbaycan təmsilçisinin “qırmızı şeytanlar”ın meydanına səfəri zamanı start heyətində yer alacağı gözlənilən Mikels oyuna hazırlığından danışıb:
“İmkan olduqca “Mançester Yunayted”in hər oyununa baxıram. Mənim fikrimcə, “Sabah” üçün ən yaxşı püşk idi. “Old Trafford”da oynayacağımız üçün bu, daha da möhtəşəmdir.
Çempionlar Liqasına yüksəlmək “Sabah” üçün tarixi nailiyyətdir və liqa mərhələsinə “Old Trafford”da başlamaq bunu daha da həyəcanlı edir. Eyni zamanda, biz ora yalnız atmosferdən zövq almağa getmirik. Təkcə klubumuzu deyil, həm də Azərbaycanı ən yaxşı şəkildə təmsil etmək və bu səviyyədə olmağa layiq olduğumuzu göstərmək üçün mübarizə aparmaq istəyirik”.
Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” oyunu sentyabrın 10-da, Bakı vaxtı ilə 23:00-da “Old Trafford” stadionunda keçiriləcək.