BAKI, 1 fevral. TELEQRAF
Amerikalı sahibkar Mark Savaya ABŞ Prezidenti Donald Trampın İraq üzrə xüsusi nümayəndəsi vəzifəsindən ayrılıb.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, o, Bağdad rəsmiləri ilə yanvarın 23-nə planlaşdırılan danışıqları ləğv edib.
Mənbələrin məlumatına görə, M.Savayanın vəzifəsini itirməsinə səbəb ölkədəki əsas tapşırıqların icrasında "pis idarəçilik", o cümlədən Nuri əl-Malikinin yenidən baş nazir postuna mümkün seçilməsi məsələsindəki yanaşması ola bilər.
Xatırladaq ki, N.əl-Maliki 2006-cı ilin mayından 2014-cü ilin avqustuna qədər İraq hökumətinə rəhbərlik edib. Donald Tramp daha əvvəl bildirmişdi ki, İran meyilli siyasətçi kimi tanınan əl-Malikinin yenidən baş nazir postuna gətirilməsi İraqı xaos və yoxsulluğa sürükləyə bilər. Trampın sözlərinə görə, ABŞ-nin dəstəyi olmadan İraqın uğur, rifah və azadlıq əldə etmək şansı olmayacaq.
Məlumatda qeyd olunur ki, Trampın hazırkı Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Savaianın varisi ola və gələcəkdə Dövlət Departamentinin İraq üzrə fəaliyyətinə rəhbərlik edə bilər.