BAKI, 31 yanvar. TELEQRAF

ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) agentlərinin həbs orderi olmadan insanları saxlaması ilə bağlı səlahiyyətləri genişləndirilib.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" nəşri qurumun daxili sənədinə istinadən məlumat yayıb.

Məlumata görə, yeni qaydalar federal agentlərin səlahiyyətlərini əhəmiyyətli dərəcədə artırır. Belə ki, əvvəllər konkret şəxs barədə həbs orderi alındıqdan sonra aparılan hədəfli saxlanmaların əvəzinə, ICE əməkdaşları reydlər zamanı order olmadan da saxlanma həyata keçirə biləcəklər. Şərt odur ki, agent şəxsin ölkədə qanunsuz yaşadığını düşünürsə və order hazırlanacağı vaxta qədər onun gizlənə biləcəyini ehtimal edirsə.

NYT yazır ki, əvvəlki qaydalara əsasən bu cür saxlanma yalnız agentin miqrasiya qanunvericiliyini pozmaqda şübhəli bilinən şəxsin gələcəkdə istintaqdan yayınacağına inandığı hallarda mümkün idi. ICE-nin müvəqqəti direktoru Todd Lyons bu yanaşmanı əsassız və səhv adlandırıb. Yeni qaydaya görə isə agent, order verildiyi vaxt şəxsin artıq tapılmayacağını düşünərsə, order tələb olunmayacaq.

Nəşrin danışdığı ekspertlərin fikrincə, bu interpretasiya həbs orderi mexanizmini faktiki olaraq mənasız edə və federal agentlərə istədikləri şəxsi saxlamaya imkan verə bilər.

Qeyd edək ki, ABŞ-də miqrasiya əleyhinə reydlərə qarşı tənqidlər son vaxtlar daha da artıb. Xüsusilə Minnesota ştatının Minneapolis şəhərində yanvarın 7-də və 24-də federal qurum əməkdaşlarının etirazçılarla toqquşmalar zamanı silahdan istifadə etməsi geniş ictimai rezonans doğurub. Demokratlar bu hadisələr fonunda hüquq-mühafizə orqanlarının qərarlarını, eləcə də ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının mövqeyini sərt tənqid ediblər.