BAKI, 30 yanvar. TELEQRAF

ABŞ-nin “sərhəd üzrə kuratoru” Tom Homan Minneapolisdə miqrasiya qaydalarının icrasına yönəlmiş əməliyyatların daha məqsədli aparılacağını açıqlayıb. O, genişmiqyaslı küçə reydlərindən imtina edilərək konkret hədəflərə yönəlmiş əməliyyatlara üstünlük veriləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Donald Trampın göstərişi ilə Minneapolisdə miqrasiya nəzarətinin gücləndirilməsinə rəhbərlik edən Homan deyib ki, ştat və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq genişlənsə, şəhərə cəlb olunmuş 3 min nəfərlik federal qüvvənin sayı da azaldıla bilər. Onun sözlərinə görə, Minnesota ştatının qubernatoru Tim Volts və Minneapolisin meri Ceykob Frey ilə keçirilən görüşlər məhsuldar olub.

“Biz daha yaxşı işləyə bilərik. Əhəmiyyətli irəliləyişlər və koordinasiya əldə etmişik. Bu şəhərdə ciddi dəyişikliklər görəcəksiniz”, – deyə Homan mətbuat konfransında bildirib.

"Reuters"in nəzərdən keçirdiyi yeni daxili təlimata əsasən, Miqrasiya və Gömrük Xidməti (ICE) əməkdaşlarına gərginliyi artırmamaq üçün “təxribatçılarla” lazımsız ünsiyyətdən çəkinmək tapşırılıb. Həmçinin agentlərə yalnız cinayət ittihamı və ya məhkumluğu olan miqrantların hədəf alınması göstərişi verilib. Bu, əvvəlki dövrdə tətbiq olunan təsadüfi küçə yoxlamalarından fərqli yanaşmadır.

Homan bildirib ki, prioritet ictimai təhlükəsizlik və milli təhlükəsizlik üçün risk yaradan şəxslər olacaq. Bununla yanaşı, Tramp administrasiyasının ölkədə qeyri-qanuni yaşayan bütün miqrantların deportasiyası siyasətindən geri çəkilmədiyini vurğulayıb.

Minneapolisdə vəziyyət yanvarın əvvəlində iki ABŞ vətəndaşının federal agentlər tərəfindən güllələnərək öldürülməsindən sonra daha da gərginləşib. Yanvarın 7-də üç uşaq anası, 37 yaşlı Rene Qud avtomobilində olarkən ICE agenti tərəfindən öldürülüb. Bir neçə gün sonra isə 37 yaşlı reanimasiya tibb bacısı Aleks Pretti federal agentlərin açdığı atəş nəticəsində həyatını itirib.

Hər iki hadisədən sonra Tramp administrasiyası agentlərin hərəkətlərini müdafiə edərək ölən şəxsləri “daxili terrorçu” adlandırıb. Lakin sonradan yayılan videolar bu iddiaların şübhə doğurduğunu göstərib.