BAKI, 28 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd ola biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, o, bu barədə yanvarın 27-də Ayova ştatının Des-Moyn şəhərinə işgüzar səfəri zamanı tərəfdarları ilə görüşdə açıqlama verib.
Tramp bildirib ki, hazırda onun reytinqləri əvvəlkindən daha yüksəkdir. O qeyd edib ki, yenidən namizəd olacağı təqdirdə bunun tərəfdarları tərəfindən müsbət qarşılanacağını düşünür. ABŞ Prezidenti eyni zamanda Respublikaçılar Partiyasının 2026-cı ilin noyabrında Konqresə keçiriləcək aralıq seçkilərində qələbə qazanacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Tramp 2025-ci ilin noyabrında ABŞ Prezident seçkilərində yenidən iştirak etməyi düşünmədiyini bildirmiş və mümkün varisi ilə bağlı açıqlama verməkdən imtina etmişdi. ABŞ Konstitusiyasına 1951-ci ildə qəbul edilən 22-ci düzəliş prezidentin iki müddətdən artıq vəzifədə qalmasını qadağan edir. Bununla belə, Tramp müxtəlif çıxışlarında üçüncü müddətə namizəd olmaq ehtimalını dəfələrlə gündəmə gətirib. Bu mövzu ilə bağlı onun keçmiş siyasi strateqi Stiv Bennon da açıqlamalar verib.
Xatırladaq ki, Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində ikinci dəfə qalib gəlib. O, Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edib. Tramp ilk dəfə 2017–2021-ci illərdə ABŞ Prezidenti vəzifəsini icra edib. 2016-cı il seçkilərində isə Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlub etmişdi.