BAKI, 13 yanvar. TELEQRAF

ABŞ-nin Minnesota ştatı federal hökumətə qarşı məhkəmə iddiası qaldıraraq miqrasiya xidmətinin (ICE) minlərlə agentinin ştata yerləşdirilməsinin dayandırılmasını tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə Minnesota ştatının baş prokuroru Kit Ellison açıqlama verib.

İddia ABŞ-nin Daxili Təhlükəsizlik Departamentinin və ona bağlı qurumların fəaliyyətinə qarşı yönəlib. Məhkəmə müraciəti ötən həftə ICE agentinin Minneapolis sakini Renee Nikole Qudun avtomobilində güllələyərək öldürməsindən sonra hazırlanıb. Hadisə şəhərdə və ölkə üzrə etirazlara səbəb olub.

Ellison bildirib ki, federal agentlər həddindən artıq və ölümcül gücdən istifadə edir, order olmadan, irqçi xarakter daşıyan saxlamalar aparır, məhkəmələri, kilsələri, ibadət evlərini və məktəbləri hədəf alırlar:

“Biz iddia edirik ki, bu, konstitusiyaya zidd hərəkətlərdir. Məhkəmədən minlərlə federal agentin Minnesotaya göndərilməsinin dayandırılmasını tələb edirik”, – deyə baş prokuror mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, minlərlə silahlı DHS agentinin ştata yerləşdirilməsi məktəblərin bağlanmasına, yerli bizneslərin fəaliyyətinin dayandırılmasına səbəb olub və vəziyyəti daha da təhlükəli edib.

Ellison qeyd edib ki, federal agentlər zəif təlim keçiblər və Minneapolis polisindən fərqli olaraq, onların fəaliyyəti üzərində real nəzarət yoxdur. Onun sözlərinə görə, yerli polis ICE agentlərinin sakinlərin oğurlanmasına bənzər 20 hadisəyə reaksiya verməli olub.

“Onlar order olmadan restoranlara girir, qorunan ərazilərə daxil olmaq istəyir və soruşulduqda ‘bizə order lazım deyil’ deyirlər. Bu, dərhal dayanmalıdır”, - deyə Ellison vurğulayıb.

“Donald Tramp görünür, bizim ştatı o qədər də sevmir”, - deyə o əlavə edib.

Minneapolis meri Jakob Frey bildirib ki, minlərlə federal agentin gəlişi Minneapolis və Sent-Pol şəhərlərinin hüquq-mühafizə imkanlarını ciddi şəkildə yükləyib. Onun sözlərinə görə, hər iki şəhərdə cəmi 600-ə yaxın polis əməkdaşı var.