BAKI, 13 yanvar. TELEQRAF

ABŞ Konqresinin Senatının üzvü, Arizona ştatından olan demokrat senator Mark Kelli Pentaqonun rəhbəri Pit Heqset barəsində məhkəməyə müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Məlumata görə, istefada olan ABŞ Hərbi Dəniz Qüvvələrinin birinci dərəcəli kapitanı Mark Kelli inzibati iddia vasitəsilə Pentaqonun onun hərbi rütbəsinin aşağı salınması ilə bağlı qərarının ləğvinə nail olmağa çalışır. Pit Heqset ötən həftə "X" sosial şəbəkəsində Kelli barəsində rütbənin aşağı salınması proseduruna start verildiyini və bunun yazılı töhmətlə müşayiət olunduğunu açıqlayıb.

Senator iddia ərizəsində bu qərarı konstitusiyaya zidd adlandıraraq bildirib ki, Pentaqon rəhbərliyinin bu addımı istefada olan hərbçilərin ABŞ Prezidenti Donald Trampın və müdafiə nazirinin siyasətini tənqid etdikləri təqdirdə təqiblə üzləşə biləcəkləri barədə açıq mesaj verir.

Kellinin sözlərinə görə, onun rütbəsinin aşağı salınması ABŞ Konstitusiyasının söz azadlığını təmin edən "Birinci düzəlişi"nin pozulması deməkdir.

Qeyd edək ki, 2025-ci ilin noyabrında Pit Heqset Mark Kellinin bəzi açıqlamaları ilə bağlı yoxlama aparılmasına göstəriş vermişdi. Həmin açıqlamalarda hərbçilərin mübahisəli əmrləri yerinə yetirməməyə çağırıldığı iddia olunurdu.

Xatırladaq ki, Mark Kelli 1980-ci illərdə ABŞ Hərbi Dəniz Qüvvələrində pilot kimi xidmət edib, 1996-cı ildə NASA-nın astronavt hazırlıq proqramına seçilib. O, 2001-ci ildə “şatl” proqramı çərçivəsində ilk kosmik uçuşunu həyata keçirib və ümumilikdə kosmosda təxminən 54 gün olub.