BAKI, 13 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla yaranmış fikir ayrılıqlarının diplomatik yollarla həlli imkanlarını araşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp eyni zamanda İrana qarşı hərbi zərbə endirilməsi variantını da istisna etmir. Xüsusilə "Bəsic" qüvvələrinə məxsus obyektlərin hədəf alınması ehtimalı müzakirə olunur. ABŞ rəsmilərinin hesablamalarına əsasən, mümkün zərbənin məqsədi Vaşinqtonun İranda davam edən etirazlarla bağlı narazılığını Tehrana çatdırmaqdır və bu addım hakimiyyət dəyişikliyinə yönəlməyəcək.
Məlumatda qeyd olunur ki, Ağ Ev İranla bağlı vəziyyətə dair həm diplomatik, həm də hərbi variantları paralel şəkildə nəzərdən keçirir.
ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Livitt yanvarın 12-də jurnalistlərə açıqlamasında bildirib ki, İran tərəfi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, Uitkoff İranla bağlı diplomatik təmaslarda mühüm rol oynayacaq.