BAKI, 4 oktyabr. TELEQRAF

İllinoys ştatının qubernatoru C.Robert Pritzker bəyan edib ki, ABŞ prezidenti Donald Tramp ştatda cinayətkarlıqla mübarizə üçün 300 Milli Qvardiya əsgəri yerləşdirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə qubernator sosial şbəkə hesabında yazıb.

“Bu səhər Tramp administrasiyasının Müdafiə Nazirliyi mənə ultimatum verdi. Yaxın saatlarda Tramp administrasiyası İllinoys ştatının Milli Qvardiyasının 300 əsgərini federal nəzarətə keçirməyi planlaşdırır”, - o yazıb.

Pritzker əmindir ki, belə bir tələb “İllinoys xalqına qarşı təcavüzün görünməmiş eskalasiyasının” növbəti mərhələsinə çevrilib.

Tramp sentyabr ayında Milli Qvardiya qoşunlarının İllinoys ştatının ən böyük şəhəri olan Çikaqoya yerləşdiriləcəyini açıqlasa da, dəqiq nə vaxt edəcəyini bildirməyib. Tramp İllinoys qubernatorunu Çikaqoda təhlükəsizliyi təmin edə bilmədiyi üçün dəfələrlə tənqid edib. O, şəhərin cinayət sayına görə "cəhənnəm dəliyinə" çevrildiyini iddia etdi.