XOCALI, 10 sentyabr. TELEQRAF
Xocalıda minaya düşən ANAMA əməkdaşının durumu açıqlanıb.
TƏBİB-dən Teleqraf-ın Qarabağ bürosunun sorğusuna cavabda bildirilib ki, Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün 10 sentyabr 2026-cı il tarixində saat 10:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.
"Sol aşıq baldır oynağı nahiyəsinin travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur" - məlumatda deyilir.
***
09:35
Xocalıda minaya düşən ANAMA əməkdaşının şəxsiyyəti müəyyənləşib.
Bu barədə Teleqraf-ın Qarabağ bürosu məlumat verir.
Minaya düşən 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov Goranboy rayon sakinidir.
O, ANAMA-da tədqiqat rəhbəri vəzifəsində çalışır.
İlkin tibbi yardım göstərilməsi üçün Xankəndi Şəhər Xəstəxanasına çatdırılan Anar Həsənov daha sonra müayinə və müalicəsinin davam etdirilməsi məqsədilə Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
***
09:02
Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.
ANAMA əməkdaşı Anar Həsənov kənd ərazisində minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş xəsarət alıb.
Yaralı Xankəndi Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.