BAKI, 30 sentyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp oktyabrın 1-nə keçən gecə hökumətin fəaliyyətinin dayanmasının mümkün olduğunu deyib və mövcud vəziyyətə görə Demokrat Partiyasının üzvlərini günahlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Tramp ordu rəhbərliyi ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib.
"Heç nə qaçılmaz deyil. Hər şey mümkündür. Mən onlardan (demokratlardan) zərrə qədər də güzəşt görmədim", - Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
O əlavə edib ki, onun siyasi rəqibləri qeyri-qanuni miqrantlara tibbi xidmət göstərmək istəyirlər ki, bu da ölkənin ümumi səhiyyə sistemini təhdid edir.
Sentyabrın 19-da ABŞ Senatı noyabrın 21-dək federal qurumların maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini rədd edib. 44 senator qanun layihəsinin lehinə, 48-i isə əleyhinə səs verib.
Nümayəndələr Palatası və Senat bu məsələdə razılığa gələ bilməsə, hökumət bağlanacaq. Bağlanacağı təqdirdə, sərhəd, poçt və sosial xidmətlər fəaliyyətini davam etdirəcək, lakin hərbçilər də daxil olmaqla dövlət işçiləri maaşsız qalacaqlar.