Son iki ildə paytaxtın kinoteatrlarında bir çox filmlərə getmişəm. İki ilin içində zallarda olan tamaşaçı sayında kəskin fərqlər var. İnsanların sayı durmadan artır, filmlər izlənir. Kinoteatr işlədənlər, film istehsal edənlər pul qazanır, tamaşaçı da 5-10 manatından keçib iki saat istirahət edir.
Mənim kino menyum qarışıq olduğundan demək olar ki, hər türlü kinoya bilet alıram. Keçən ildən bu yana getdiyim filmlərin içində yerli filmlərin də sayı xeyli çoxdur. Bizimkilərin çəkdiyi filmlərin əksəriyyəti isə, təəssüf ki, ssenarisiz, bayağı, çoxu da komediya janrındadır.
Hər dəfə yeni Azərbaycan filmi efirə gələndə “bəlkə bu dəfə yaxşıdır” deyib ümidlə bilet alıram, amma hər dəfə də eyni aqibət olur. Dünən də “My name is İntiqam – 2”-də idim. Bu filmin birinci hissəsi ilə bağlı çox qəribə hal baş vermişdi. Mənasız ssenarili, oğlanlar arasında yayğın olan bayağı zarafatlarla dolu olan bu kinonun səhərdən axşama kimi bütün seanslarında zallar dolu olurdu. Eyni hal yenə də baş verdi. Yenə də zal dolu, hər kəs gülür, hər kəs bəyənir.
Kinoda olan dialoqlarda tamaşaçıların ayaqlarını yerə döyə-döyə səs-səsə verib güldükləri bəzi sitatları burada yadımda qalan formada yazıram:
- Abış kişi, bəs mən bu xiyarı neyniyim?
- Adə, bas bankasına da.
- Sonra gedib o toyuğu cırıb ortasını yeyərik.
- Bu kabablar niyə yanıb?
- Neyniyim, ayaqyolun bağın başında tikmisən də. Hələ allahına şükür elə ki, əlimi yumayıb gəlmişəm, yoxsa hamısı kömür olmuşdu.
- Abbas, sən də Syomanı çırp.
Filmdə olan komediyaya aid nə vardısa, hamısı bu tip zarafatlar və gey obrazın hərəkətləri üzərində qurulmuşdu. Bir rejissorun və ssenaristin filmi başdan sona kimi bu tip “zarafat”ların üzərində qurması onun şəxsi problemidir, amma bütün zalın buna gülməsi artıq faciədir.
Amma əsas məsələ filmlərin ssenarisinin boşluğu, 18+ sözlərlə gülüş yaratma cəhdi deyil. Son bir ildə getdiyim 10-dan artıq Azərbaycan kinosunun hər birində əsas məqam detalsızlıqdır. Xırda detallara heç vaxt fikir verilmir. Məsələn, telefona zəng gəlir, rolu canlandıran X telefonla danışır, kameraman kadrı elə götürür ki, telefonun ekranı da ekrana düşür. Və... Sən demə telefon əsas menyudadır. Bu detala fikir vermək çoxmu diqqət tələb edir?
Yaxud, “Səhra almazı” adlı bir filmimiz çəkilmişdi. O filmdə hadisələr guya Afrikada cərəyan edir, amma arxadakı yarımtikilidə üstündə Azərbaycan dilində yazı olan plastik pəncərə var. Həmin filmdə yerfli-afrikalı qadın başına bizim nənələrin bağladığı şal bağlayıb. Ay qardaş, orta məktəbdə Novruz tədbirinə Kosa, Keçəl, Bahar qız qrimləmirsiz ki. Film çəkirsizsə, azca detala fikir verin.
Detalsızlıqların sayı hesabı yoxdur. Maşın gəlir, yolda kamera maşının içini göstərir, cəmi bir nəfər sürücü əyləşib maşını sürür. Amma sonda maşından bir də xanım düşür.
“Ay brilyant” adlı filmi də bəlkə izləyəniniz olub. Həm bu, həm də elə “İntiqam”ın birinci hissəsində hadisələr 100 min manat uğrunda mübarizə ilə gedir. Hər iki filmdə villaları, evləri, xüsusi mühafizə dəstələri, 10-15 dənə 100 minlik maşınları olan “mafiya babaları” ortada olan 100 minlə bütün həyatlarının dəyişəcəklərini iddia edirlər. Bir maşınını satsa həmin pulu əldə edəcək adam bu pula görə niyə silaha əl atsın ki?
Hələ üstəlik, “Ay brilyant”ın mafiya başçısı roluna çəkdikləri obraz kim olsa yaxşıdı? Şamil Süleymanov. Adam kinoda artistlik edir. Obrazı yaşamır və yaşatmır. İncə səsi ilə qışqırır. Yenə bu filmdə də dəfələrlə xoruz söhbəti, sanki Azərbaycan tamaşaçısı xoruzun rus dilinə tərcüməsindən başqa heç nəyə gülməyəcək.
Xoruz söhbəti qədər çox işlənən ikinci məsələ isə ayaqyolu söhbətidir. Ümumiyyətlə, bunlara kim deyib ki, ayaqyoluna getmək gülməlidir. Hər filmdə iki-üç dəfə ora gedilir, ssenari isə gözləyir ki, həmin obraz çıxsın gəlsin, film davam etsin.
Artıq kadrlar, replikalar, gərəksiz səhnələr, səhnədə yer alan mənasız əşyalar o qədər çoxdur ki, “açılmamış silah” bənzətməsini deməyə heç adamın dili də gəlmir.
Yerli filmləri tənqid edərkən çox vaxt müqayisələr verilir, xüsusən son illərin türk filmləri ilə müqayisələr aparılır. Rejissorlarımız da sağ olsunlar, gedirlər, axtarırlar, məşhur türk aktyorların və ssenaristlərin az populyar filmlərini tapıb başlayırlar surətini çıxarmağa. Cem Yılmazın “Organize işler” filmində yaratdığı Müslüm obrazının fermada “qonaqlar”ına olan rəftarını son bir ildə üç Azərbaycan kinosunda görmüşəm artıq. Yenə ferma, yenə Cemin istifadə etdiyi üsulla idman aləti, yenə pis adamlar və onları cəzalandırmaq.
Və son illər çəkilən filmlərimizdə az qala “olmazsa olmaz”a çevrilmiş soyunmuş qızlar. “Arzuların ardınca” adlı dram çəkilmişdi, 6 ay əvvələ qədər var idi kinoteatrlarda. Həmin filmdə ssenarinin əksər hissəsi xarici filmlərdən təsirlənib. Amma filmin gərəksiz yerində baş rol xanım yataqdan qalxır, çılpaq gəzir, su içir və yıxılır. “Səhra almazı” filmində yenə qadın beldən yuxarı çılpaq formada qapıya çıxır, baxır ki gələn kimdir. “100 kağız” filmi yataq səhnəsi ilə başlayır, İntiqam isə bütün film boyu atası ilə növbələşərək xanım seçir və s.
Ümidimiz var hələ, bəlkə gözümüz yaxşı bir film gördü. Sizli-bizli yığışaq gedək, izləyək bir yerdə.
Öz filmlərimizə sevinə-sevinə gedib, eyni hislə də zaldan çıxmaq arzusuyla...