BAKI, 21 may. TELEQRAF

ABŞ BMT-nin işğal altındakı Fələstin ərazilərində insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanezeyə qarşı tətbiq olunan sanksiyaları ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilən məlumatda bildirilib.

Mayın 14-də Vaşinqton dairə məhkəməsi ABŞ-ın xüsusi məruzəçiyə qarşı tətbiq etdiyi sanksiyaların icrasını dayandırmışdı. Məhkəmə iş materiallarını araşdırdıqdan sonra belə nəticəyə gəlib ki, məhdudiyyətlər Albanezenin ABŞ Konstitusiyasına Birinci Düzəlişlə təmin edilən söz azadlığı hüququnun pozulması ilə tətbiq olunub.

Qeyd edilib ki, sanksiyalar onun İsrailin Qəzza zolağındakı siyasətini tənqid etməsi səbəbindən tətbiq edilmişdi.

ABŞ Dövlət Departamenti Françeska Albaneze qarşı məhdudiyyətləri 2025-ci ilin iyulunda tətbiq etmişdi. Buna səbəb İsrail və ABŞ tərəfindən onun antisemit mövqelər yaymaqda və terror təşkilatlarını dəstəkləməkdə ittiham olunması idi.