Kəramət Böyükçöl

Mən balaca uşaq idim. Amma hər şey yaxşı yadımdadır. Rayonda vağzalın əks tərəfində, Zevs 21 küçəsində bir müəllimə yaşayırdı. Adı Əsli idi. Dəmir yolu məktəbində işləyirdi. Qaynanası ilə qalırdı. Əri Bakıda Sədərək bazarında pal-paltar satırdı.

Bir axşam evimizin pəncərəsindən baxanda Əslinin Əhədin maşınından düşdüyünü gördüm. Üzümü yana çevirsəm də, Əsli məni tanıdı. Əsli mənə beşinci sinifdə ingilis dilindən dərs demişdi. Sonra məktəbə getmədim və Əslini də ancaq qonşuluğumuzda gördüm.


Əsli mənə baxa-baxa həyətə girdi. Bu maraqlı səhnədən Əhəd xəbərsiz idi. Ancaq mən bilirdim ki, Əsli müəllimə bu barədə Əhədə xəbər verəcək. Ola biməz ki, xəbər verməsin. Çünki Əsli barədə küçə arvadları min cür əhvalat danışırdılar. Əsli bilirdi ki, bu əhvalatların uc-qulağından bilməmiş deyiləm.

Bir gün Əsli məni həyətlərinə çağırdı, başımı sığalladı.

– Niyə bizə gəlmirsən? – dedi.

Xahiş elədi ki, tut çırpanda ona kömək edim. Ağacın altına xalça saldıq. Ağaca çıxıb budaqları silkələməyə başladım. Əsli müəllimə xalçanın üstündəki tutları yığırdı. Gödək don geyinmişdi. Tez-tez əssərlənirdi. Mənə dedi ki, düşüb ona kömək edim. Tutları qaba yığdıqca əllərimiz bir-birinə toxunurdu. Guya bundan Əsli tez-tez səksənirdi.

Əsli qəflətən arxası üstə arxa dığırlandı, dəhşətli bir səslə bağırdı, hirsli baxışlarla mənə baxaraq yaxasını cırdı. Sonra məni söydü.

– Ay alçaq, mən səni öz balam bilirdim, yaxama əl niyə əl atırsan? Gör səni indi neynəyəcəm, baclarını yola qoyduracam.

Mən ona yalvarırdım.

– Əsli müəllimə, Əsli xala, mən sənə neylədim ki?

– Ay alçağın oğlu, daha bundan artıq neyləyəcəksən? Orama-burama əl atırsan.

– Əsli xala...

– Kəs səsini, bilirəm səni kimi öyrədir. Qonşudakı kişilər öyrədir. Özlərinin arvadları pis yoldadır. İstəyirlər məni də o gözdə görsünlər. Amma bunu bacarmayacaqlar. Lazımı yerlərə deyərəm, bacılarını çölə çıxartdıraram, gündə bir maşına mindirdərəm.

Anam onda təzəcə rəhmətə getmişdi. Atam fəhlə işləyirdi. Dəmir yol stansiyasında gecələr qatarların təkərlərinə əl fanarı ilə baxır, onların gedecəkləri istiqamatə yolunu dəyişdirirdi. Çox az idi maaşı. Bizi güclə dolandırırdı. Gözlərindəki ümidsizlik işartıları hələ də yadımdadı. Beli azca əyilmişdi, əlləri də odun kimi idi. Evimiz dəmir yolu relslərinin lap yaxınlığında yerləşirdi. Hərdən iş yerində atama deyirdilər ki, gecəni də burda qalmalısan.

Həmin gecə atam evə gəlmədi. Evdə üzüqoylu döşəməyə yıxılıb səhərə kimi ağladım. Bacılarımı gizlətmək istədim. Amma harda? İlk dəfə onların qadın olduğunu gördüm. Səhər Əhəd gəldi qapımıza. Əhəd çox dəhşətli adam idi. Vağzalda qapıçı işləyirdi. Deyiləndə ki, filankəsi Əhəd gəlib apardı, ana-bacılar saç-aça bağlanırdılar. Lap oğlanlarına 10 il iş verilsin, amma təki ona Əhədin barmağı dəyməsin. Adamı pis vururdu Əhəd. Söyüşçülüydü. Bunu rayonda hamı bilirdi. Əhəd haqqında basqa şeylər də deyirdilər. Deyilənlərdin biri o idi ki, Əhəd adamı döyəndən sonra şalvarının qabağını açıb döydüyü adamı murdarlayırdı.

Əhəd mənim qolumdan elə yapışdı ki, könüllü olaraq maşına mindim. Nə qədər yalvardım buraxmadı. Araz çayının kənarında yulğunluğun başı birləşən yerdə saxladı. Məni maşından düşürdü. Yerə uzandırdı. Sağ ayağını belimə qoydu.

– Sən Əsli müəlliməyə sataşırsan? Bilmirsən ki, ondan təmiz qadın yoxdur?

Əhəd ayağını bir-iki dəfə qaldırdıb belimə vurandan sonra sağ ayağını düşürüb sol ayağını qoydu.

– Bilirsən, səni neyləyərəm?

Mən başımı çevrib onun yerdəki ayağından öpməyə başladım.

– Ayaqqabımın altını yala - Əhəd dedi.

Əhədin ayaqqabısın küçük balası kimi yalamağa başladım. Bir də gördüm ki, başımdan su damcılayır. Sidik partlamış dodaqlarımı elə yandırdı, o ağrını ifadə eləmək çox çətindi.

Əhədin belə işləri o qədər olub ki, saya-hesaba gəlmir. Ona rayonda heç kəsin gücü çatmırdı. Çox amansız adam idi. Vağzalda qapıçı işləməyi özünə hobbi sayırdı. Vağzalın arxa tərəfində balaca bir otağı vardı. Orda özünə xüsusi şərait yaratmışdı.

O hadisədən sonra yadıma gəlir, yenə də hər gecə pəncərəmizin deşiyindən baxırdım, saat 12-də qaynanası yatan kimi, Əsli gizlincə Əhədin vağzaldakı iqamətgahına gəlirdi, bir də səhərə yaxın çıxırdı.

Əslinin əri Bakıda Sədərək bazarında pal-paltar satırdı...