“Yayın son aylı gecələrindən biri idi. Təpələr, evlər, ağaclar, qayalıqlar nura qərq olmuş göy üzünün əsmər sədəflərə bənzəyən səthi üzərində bütün cizgiləri ilə aydın görünürdü.”2 “Qulaqları ardından vuran işığı keçirəcək qədər nazikləşmiş, göz qapaqları düşük, damarları görünən əli ilə üzünü qapamış bir yaşlı adam aynadan baxırdı.”3 “Onun həyatı məchul idi, on beş yaşında, yeniyetmə çağında birdən hara isə çıxıb getmiş və beş il itib batmışdı. Atasına, anasına və bacısına nə bir məlumat, nə də bir xəbər göndərmişdi, sonra qəflətən quberniyadan xəstə, arıq, sifəti qaralmış, sağ gözü kor halda gəlib çıxmışdı, dişlərini vurub tökmüşdülər, dalında bir boğça, boğçanın içində biri – “Şeyləri icad edənlər haqqında”, o birisi isə “Qısa ümumdünya rüsvayçılığı, yaxud kiçik Featron” adlı iki qalın kitab vardı.”4 Bu məchulluq onu son nəfəsini verənə qədər tək qoymaq istəmirdi.

“O hələ huşunu itirməmişdi və ona deyilən sözləri başa düşürdü, o hələ mübarizə edirdi.”5 Birdən “onun qəlbində fərəhin vəhşi fəryadı qopdu. Demək hər şey bitdi. Məsələ onun ümid edə biləcəyindən də tez həll oldu.”6
Axşam “iki iri tonqalın odunu hazırlandı.”7
Səhərə kimi “otaq tərtəmiz süpürülüb qaydaya salınmışdı. Ətirli şeylər yandırmaq üçün tunc manqal sürtülüb təmizlənmişdi, qızıl kimi parlayırdı. Taxçaların tozu silinmişdi, kitablar və risalələr səliqə ilə düzülmüşdü.”8 Çöldə bərk yağış başlamışdı. “Hamı susurdu, sanki beyinlər də torpaq kimi nəm çəkib islanmışdı.”9
Və həmin sükutun ayinlərlə yerdəyişmə məqamında mənbəsiz səs, qan axan qulaqda eşidildi:
“ – Sənin burda olduğunu görürəm. Mən istəyirəm ki, sən buradan gedəsən və geri qayıdasan.”10

Qoca qayıtdı, amma gecikmişdi.
“Dairəvi şəkildə yığılmış adamlar oyan-buyana yırğalanır və dairənin mərkəzində qoyulmuş əşyaya müraciətlə tilsim oxuyurdular.”11
“Rəhm edin, - qoca xırıltılı səslə bağırdı, - rəhm edin. Bəs deyil?”12
“Kilsə zənginin axşam ibadətinə çağıran gur səsi eşidildi.”13 “Kəndlilər bir az çubuq çəkib başladılar söhbətə.”14 Sonra ətrafa sakitlik çökdü.
“Dəqiqələr, saniyələr ağır-ağır çıxıb gedirdi və çıxıb gedən vaxt özüylə birgə onun səbrini, dözü¬münü də alıb aparırdı. Nəfəsinin toxunub qayıtmağından və havanın qoxusundan hiss eləyirdi ki, onunla divarı ayıran məsafə çox yaxındı. Əllərini tərpədə bilsəydi, böyür-başını yox¬layardı, harda uzanıb yatdı¬ğını dəqiqləşdirərdi. Ancaq əli-qolu ilə birlikdə, elə bil, bədənini də büküb sarımışdılar, nə illah eləyirdisə, sarıq¬dan açıla bilmirdi.”15

“Kim bilir, bəlkə doğrudan da cəzasını almışdı?16
Qoca iki gün sonra, torpağın içindən ikinci dəfə doğdu və qaranlıqda meşəyə üz tutdu. Sadəcə - “bu çox qəribədir, çox , - dedi, - bunu heç cür başa düşə bilmədim.”17
İndi “bu qoca pir meşədə hər şeydən xəbərsiz yaşayır. Hələ indiyəcən bilmir ki, Allah ölmüşdür!”`18

1 Nikolay Vasilyeviç Qoqol – “Ölü canlar”
2 Rəşad Nuri Güntəkin – “Dodaqdan qəlbə”
3 Səmra Özdamar – “Son tablo”
4 Maksim Qorki – “Əyalət şəhəri Okurov”
5 İvan Sergeyeviç Turgenev – “Atalar və oğullar”
6 Viktor Hüqo – “Səfillər”
7 Yusif Səmədoğlu – “Qətl günü”
8 Rabindranat Taqor – “Fəlakət”
9 Gi de Mopassan – “Həyat”
10 Vilyam Şekspir – “Heç nədən hay-küy”
11 Dan Broun – “Da Vinçi şifrəsi”
12 Prosper Merime – “Kolomba”
13 Fyodor Dostoyevski – “Alçaldılmış və təhqir edilmiş insanlar”
14 Cəlil Məmmədquluzadə - “Danabaş kəndinin əhvalatları”
15 Vaqif Sultanlı – “Ölüm yuxusu”
16 İsa Hüseynov – “İdeal”
17 Orhan Pamuk – “Mənim adım qırmızı”
18 Fridrix Nitşe – “Zərdüşt belə deyirdi”