BAKI, 27 sentyabr. TELEQRAF
Türkiyə klublarından “Fənərbağça”nın prezidenti Aziz Yıldırım komandanın maliyyə vəziyyəti ilə bağlı keçmiş rəhbərliyə sərt ittihamlar səsləndirib.
Teleqraf xəbər verir ki, Yıldırım klubun Ülker İdman və Tədbirlər Salonunda keçirilən maliyyə və inzibati ümumi yığıncağında çıxış edib.
O, rəhbərliyin futbolçuların transferləri üzrə ödənişləri düzgün idarə etmədiyini iddia edib. Yıldırım bildirib ki, Yusuf Akçiçekin 25 milyon avroya satılmasından əldə olunan 12 milyon avro vaxtından əvvəl nağdlaşdırılıb və buna görə klub 1 milyon avro faiz ödəyib.
Sabiq prezident Youssef En-Nesyrinin transferi ilə bağlı da danışıb. Onun sözlərinə görə, 19,5 milyon avroya alınan futbolçunun transferindən qalan 6 milyon avroluq ödəniş edilməyib və bu məbləği onun rəhbərlik etdiyi komanda ödəyib:
"Youssef En-Nesyrini 19,5 milyon avroya almısınız. Onun transferindən 6 milyon avro ödəniş qalıb. Apreldə taksit vaxtı çatıb, siz ödəməmisiniz. FIFA-dan iyunun 15-də bizə yazı gəlib, ödənişi biz etmişik. Siz ödəməmisiniz, cərimə gəlib. İlk taksiti biz ödədik, ikincisini də bazar ertəsi verəcəyik. Bu 6 milyon avronu biz ödəyirik. Pulları aldınız, yediniz. Gəlib kişi kimi "Bu pulu yedik" deyin".
Yıldırım həmçinin Şimanski transferindən əldə olunan vəsaitin də vaxtından əvvəl nağdlaşdırıldığını və buna görə faiz ödənildiyini bildirib.
O, klubun banklara olan borcları üzrə 60 milyon avro faiz ödədiyini də qeyd edib.
Yıldırım Kante məsələsinə də toxunaraq, futbolçunun menecerinə 3 milyon avro əlavə ödəniş edilməsini nəzərdə tutan müqavilə ilə bağlı etirazını bildirib:
"Kante ilə bağlı da məsələ var. Meneceri 3 milyon avro əlavə ödəniş tələb edir. Belə bir razılaşmanın olmadığını deyirik, amma müqaviləni bizə göndərib. Klub daxilindən iki nəfər Kante ilə müqavilə imzalayıb. Mən prezident olduğum halda belə bir ödənişi etməyəcəyəm.
Universiteti yaratmaq üçün 10 il çalışdım. Biz ayrıldıqdan sonra bu prosesi dayandırdılar və universiteti Medicana-ya verdilər. Universitet artıq “Fənərbağça”nın deyil. Siz susdunuz və müqaviləni daha 10 il uzatdınız. Niyə etiraz etmədiniz?”