BAKI, 27 sentyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin Lıman istiqamətində keçirdiyi "Vivaldi" əməliyyatı və Desant-Hücum Qüvvələrinin hərbi tədbirləri çərçivəsində müəyyən olunmuş hədəflərə nail olunub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat paylaşıb.

O, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Mıxaylo Drapatıydan cəbhədəki son vəziyyət barədə məruzə qəbul etdiyini bildirib:

"Ümumilikdə bu həftə ərzində cəbhənin aktiv döyüş zonalarında bölmələrimiz tərəfindən Rusiya Silahlı Qüvvələrinin 10 660 hərbi qulluqçusu ölü və yaralı olaraq zərərsizləşdirilib. Rusiya tərəfinin hər bir itkisi video-sübutlarla təsdiqlənir".

Ukrayna dövlət başçısı əlavə edib ki, ən intensiv döyüş əməliyyatları Pokrovsk, Kostyantınivka və Lıman istiqamətlərində davam edir, həmçinin Zaporojye, Xarkov və Sumı vilayətlərində tapşırıqlar icra olunur. O, Baş komandan ilə birlikdə növbəti adımların da müəyyənləşdirildiyini diqqətə çatdırıb.