Taleh Şahsuvarlı
Turistik bölgə olmadığından adı Azərbaycan insanına İstanbul kimi, Antalya, Bodrum kimi çox şey deməyən Mersində yaşanan vəhşət ölkəmizdə də böyük yanğı oyatdı.
Psixopat bir avtobus sürücüsü Özgəcan Aslan adlı gənc tələbəni yolda zorlamaq istəmiş, qızcığaz müqavimət göstərincə bıçaqlamış, doğramış, yandırmış, meyitini bir dərəyə atmış...
Hazırda Türkiyənin aktivist qadınları həmcinslərinə qarşı şiddətə son verilməsi üçün böyük etiraz aksiyaları düzənləyirlər. Protest isə onunla başladı ki, qadınlar imama-müftiyə “get işinin dalınca” söyləyib Özgəcanın tabutunu öz çiyinlərində daşıdılar.
Özgəcandan sonra Türkiyə ekranlarında qadına şiddət mövzusunda aparılan müzakirələri, yazılan yazıları çox diqqətlə izləyirəm. Bu protestlərin hansı sosio-kültürəl tendensiyalara yol açacağını, o tendensiyaların Azərbaycana necə təsir edəcəyini proqnozlaşdırmaq istəyirəm. Zira, diqqətimi o çəkir ki, sağçısından-solçusundan, dindarından-liberalına qədər hər kəs milçəklərə qarşı çıxış edir, bataqlığa yox...
Halbuki milçəklər, ağcaqanadlar və digər bu cür parazitlər bataqlığın, natəmizliyin sayəsində əmələ gəlir.
Özgəcanın Türkiyədə qətlə yetirilməsindən sonra Azərbaycanda da neçə-neçə qadın öldürülüb, işgəncəyə məruz qalıb, döyülüb-söyülüb...
Nədir bu işgəncələrin, amansızlıqların, qətllərin mənbəyi?
Əzizlərim, başda Türkiyə olmaqla, Azərbaycan da daxil olmaqla heç bir türk cümhuriyyətində modern toplum yoxdur.
Bu nə sistemə bağlıdır, nə iqtidarlara, nə də qıraq-bucaq elementlərə- türk xalqları hələ də gələnəksəl cəmiyyət modelində qalıb.
Türkiyədə Mustafa Kamal Atatürk Anadolu insanını gələnəklərdən qoparıb müasir mədəniyyətə qovuşdurmaq üçün inqilab etdi, sekulyar sistem qurdu, cəmiyyətin yönünü Məkkədən-Mədinədən ayırıb Avropaya sarı dəyişdirdi. Ancaq 80 il boyunca Türkiyədə cəmi 30-40 faiz insan Şərq bataqlığından və kollektiv zehniyyətdən çıxıb çağdaş hüquq və mədəniyyətin daşıyıcısı olan fərd kimi yaşamağa üstünlük verdi.
Azərbaycan Türkiyə kimi bir imperiya dövlətinin mənəvi varisi deyil, torpaqları və xalqı bir çay boyunca ikiyə ayrılmış bir müstəmləkə diyarında qurulmuş respublikadır.
Düzdür, bizim Axundovumuz, Hacıbəyovumuz, Mirzə Cəlilimiz, Haqverdiyevimiz var. Ancaq Axundovun, Hacıbəyovun, Mirzə Cəlilin, Haqverdiyin maarifçiliyinə fə fədakarığına arxalanan adamların sayı Azərbaycanda ən yaxşı halda heç 10 faiz də deyil. Azərbaycan toplumunun hər kəsimində içgüdülərlə hərəkət edən çoxsayda insan var və o cür insanlar modern cəmiyyət quruculuğuna hər baxımdan əngəldirlər. Sadəcə, Azərbaycanın şansı ondadır ki, dövlətimizin başında İlham Əliyevin timsalında sekulyar və tərəqqipərvər bir lider dayanıb. İlham Əliyevin intellektinin və şəxsi dünyagörüşünün yüksək olması, bütün rəqiblərindən müqayisə edilməz dərəcədə qətiyyətli davranması sayəsində populizm və qaragüruh gələcəyimizi işğal edə bilmir.
Dostlar, ənənəvi cəmiyyətin əsas atributu din, müasir toplumun əsas mexanizmi hüquqdur.
Qardaşlar, ənənəvi cəmiyyətlərdə patriarxallıq, müasir toplumlarda bərabərlik əsasdır.
Bacılar, ənənəvi cəmiyyətlərin üslubu şiddət, basqı, zorakalıq, çağdaş toplumlarınkı isə inandırma, uzlaşma, əməkdaşlıqdır.
Soydaşlar, ənənəvi toplumlarda ekonomi anlayışı “qənimət”, inkişaf etmiş cəmiyyətlərdə isə “istehsal”dır.
Qərb cəmiyyətləri ona görə müasirləşə və bu günkü tərəqqi səviyyəsinə qovuşa bilib ki, xristianlıqla üzləşib, renessans dövrünü yaşayıb və elmi, hüququ, bərabərliyi, uzlaşmanı, istehsalı inkişaf etdirən təhsili ön plana çıxarıb və dini bir “vicdani etiqad” çərçivəsinə pərçimləyib.
Fəqət bu gün Türkiyədə din vicdan yox, siyasət məsələsidir və dindar kütlə ilə kindar prezident bir-birini qidalandıraraq sekluyar bir sistemi çökdürmək əzmindədirlər.
Bu gün Türkiyə də daxil olmaqla Şərqin hər bir ölkəsindən Azərbaycana din ixrac edilir və müxtəlif təriqətlərin ideolojisi ilə ölkəmizdə müstəqilliyimizin, dövlətçiliyimizin, inkişafımızın əleyhinə çıxan, sekulyar dünyagörüşümüzü baltalayan qruplar formalaşdırılır.
Baxın, Hacı Qamət adlı bir vəhhabi təbliğatçısı 21-ci əsrin birinci rübündə Yer kürəsinin günəş ətrafında fırlanmadığını iddia edən bir ərəb şeyxinə qahmar çıxır. Bir neçə ildən sonra Marsda insan düşərgələri salınacaq, NASA milyon işıq ili məsafələrdə ulduzların, planetlərin tərkibini müəyyən edir, Azərbaycanımız kosmos dövlətinə çevrilərək fəzaya peyk göndərir, ancaq “Quranda belə yazılmayıb” deyə Hacı Qamətlər cəmiyyətimizə Qalileyi “Görmədim, duymadım, bilmirəm” deməyə zorlayan sistem gətirməyə çalışır.
Bilirəm deyəcəksiniz ki, bütün bunların Özgəcana, Özgəcanın vəhşicəsinə qətlə yetirilməsinə, şiddət və təcavüz olaylarının Azərbaycanda da baş alıb getməsinə nə dəxli var?
Söyləyim: bütün yaramaz işlərin mayası gələnəksəl toplumdur. Məhz gələnəksəl toplum zehniyyəti bir yandan qadını ikinci cins kimi görür və ona qarşı basqı mexanizmləri yaradır, digər yandan da seksual azadlığın qarşısına sədd çəkərək cinslərin öz şəhvətlərini normal yaşamasına mane olur. Nəticədə Özgəcanın qatili kimi psixopatlar yetişir.
Mən əminəm ki, Azərbaycanda yüngül bir sosioloji tədqiqat aparılsa məlum olacaq ki, qadına qarşı cinayətlərin ən önəmli bölümü keçmiş ərlər, keçmiş nişanlılar, ayrılığı həzm etməyən erkək partnyorlar tərəfindən törədilib.
Bütün bunların altında cinsəllik problemləri yatır, ilişgiyə və seksə təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin anormal yanaşması dayanır.
Mənim əmin olduğum bir şey var: özünü aktuallaşdıran və reallaşdıran adam heç zaman təcavüzçü ola bilməz, zorakılığa əl atmaz, başqaları üçün təhlükə yaratmaz.
Bu gün Azərbaycandan gedib İŞİD-ə qoşulanlar, yaxud qeyri-ənənəvi dini təriqət tərəfdarları sosial-psixoloji baxımdan araşdırılsa, məlum olacaq ki, onlar məhz özünü aktuallaşdırma və reallaşdırma problemləri ilə üzləşdikləri üçün deviant meyllidirlər.
Və bu meyllərin qarşısını almaq üçün, mən Salam Sarvanla tamamilə razıyam, maarifçilik özü-özlüyündə ciddi nəticə verəcək deyil, məsələyə kompleks yanaşmaq və başlıca hədəfi düz müəyyən etmək lazım.
Hədəf isə ölkəmizdə İSTEHSALÇI İNSANın yetişməsidir.
Mən bu məqamda yenidən prezident İlham Əliyevin fərdi dünyagörüşünə qayıtmaq və xatırlatmaq istəyirəm ki, Mannadan üzübəri Azərbaycan coğrafiyasında mövcud olan 3 min illik dövlətçilik tarixində ölkənin təbii sərvətlərinin insan kapitalına çevrilməsini bir strateji hədəf olaraq ilk dəfə o elan edib.