BAKI, 7 oktyabr. TELEQRAF

Yunanıstanın paytaxtı Afinada ABŞ dövlət katibi Marko Rubionun ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirilib.

Teleqraf xəbər verir ki, aksiyanı Yunanıstan Kommunist Partiyası, həmkarlar ittifaqları və tələbə təşkilatları təşkil edib.

Etirazçılar əvvəlcə Yunanıstan parlamentinin qarşısına toplaşıb, daha sonra ABŞ səfirliyinə doğru yürüş ediblər. Səfirliyin ətrafında gücləndirilmiş polis qüvvələri yerləşdirilib.

Aksiyada Yunanıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Dimitris Kuçumbas da iştirak edib. O, Rubionun səfərinin ölkə üçün ciddi mənfi nəticələr doğuracağını iddia edib.

Kuçumbas ABŞ ilə strateji əməkdaşlığın enerji qiymətlərinin artmasına, vergi yükünün ağırlaşmasına və hərbi xərclərin yüksəlməsinə səbəb olduğunu bildirib. O, həmçinin ABŞ mayeləşdirilmiş təbii qazının Şərqi Avropa ölkələrinə nəqli üçün nəzərdə tutulan “şaquli dəhliz” layihəsini tənqid edib.

Marko Rubionun oktyabrın 6-da Afinaya gəlməsi ilə əlaqədar paytaxtın bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, şəhər mərkəzində bəzi metro stansiyaları bağlanıb. Məhdudiyyətlərin oktyabrın 7-də də qüvvədə qalacağı bildirilib.

ABŞ dövlət katibi Afinaya Yunanıstan–ABŞ Strateji Dialoqunun altıncı raundunda iştirak etmək üçün səfər edib. Onun Yunanıstanın xarici işlər naziri Yorqos Yerapetritis və Baş nazir Kiriakos Mitsotakis ilə görüşləri nəzərdə tutulub.

Danışıqlarda regional və beynəlxalq məsələlərlə yanaşı, təhlükəsizlik, energetika, gəmiçilik, texnologiya, ticarət, investisiya və müdafiə sahələrində əməkdaşlığın müzakirəsi planlaşdırılır.