BAKI, 7 oktyabr. TELEQRAF

ABŞ vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağına hələ qərar vermədiyini bildirib.

Teleqraf xəbər verir ki, Vens bunu “Reuters” agentliyinə müsahibəsində deyib.

“Mən təbiətcə işləri sonraya saxlamağa meyilli insanam. Doğrudan da, bu barədə hələ çox düşünməmişəm”, – vitse-prezident bildirib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Vensin 2028-ci il prezident seçkilərində namizədliyini açıq şəkildə dəstəkləməyə hələ hazır olmadığını bildirmişdi.

ABŞ Konstitusiyasına 22-ci düzəlişə əsasən, eyni şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.