BAKI, 7 oktyabr. TELEQRAF
İsrail yaxın vaxtlarda Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edə bilər.
Teleqraf xəbər verir ki, bunu İsrail parlamentinin vitse-spikeri, “İsrail bizim evimizdir” partiyasının deputatı Yevgeni Sova “İzvestiya” qəzetinə açıqlamasında bildirib.
“Təəssüf ki, bu gün Qəzza zolağında HƏMAS-ın silahlı döyüşçülərinə qarşı dura biləcək hərbi qüvvə yoxdur. Bunu edə biləcək yeganə qüvvə İsrail Müdafiə Ordusudur. Buna görə güc ssenarisini və yaxın vaxtlarda HƏMAS-a qarşı döyüş əməliyyatlarına qayıdışı istisna etmək olmaz”, – Sova deyib.
Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl isə nəşrə açıqlamasında Qəzza zolağının bərpası üçün 100 milyard dollardan çox vəsaitə ehtiyac olduğunu bildirib.
Diplomatın sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurası Qəzzanın bərpasına 100 milyard dollar ayıracağını vəd etsə də, indiyədək bu vəsait təqdim edilməyib.
Nofəl, həmçinin Qəzzaya humanitar yardımın çatdırılması üçün sərhədlərin açılmasının əsas tələblərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, əhalinin ərzaq ehtiyacını ödəmək üçün zolağa gündə ən azı 600 yük maşını daxil olmalıdır, hazırda isə bu göstərici 150-dən çox deyil.