“Tələbədən müəlliminə məktub!
Ədalət müəllim haqqında yazmaq, danışmaq... O, ölməyib axı... Amma nədisə ürəyimdəki bu qəhər..
Elə ondan danışmaq istəyirəm. O, gülməli idi, bir az da eybəcər… Özü həmişə deyirdi ki, kişinin meymundan bir az fərqi oldu, bəsdir. Amma o, həm də zəki idi. Elə dərin ağla sahib idi ki, hər fikrini bitirəndən sonra “aaaaaa” – deyə, dərk etdirirdi mənə həyatı… Bir az da əcaib idi. İlk gördüyüm Ədalətlə tanıdığım Ədalət arasında dəryalar qədər fərq vardı... Onun geyimləri həmişə o qədər baxımsız idi ki... Onu hər görəndə arvadını yad edirdim ürəyimdə… Ona sahib çıxmayan, yanına yaraşdırmayan arvadını... Cırıq-sökük şalvarları, çirkli əl dəsmallarını görmək dözülməz idi. O isə arvadından elə ağız dolusu danışardı ki:
“Çaydanı doldurmağından hiss olunur ki, rejissor arvadıdır…”
Ədalət müəllim... Ona geyiminə görə qiymət verirdilər. Amma heç kim onun ikinci “mən”ini tanımırdı. İndi istəyirəm hamı tanısın onu… Cırıq şalvar geyən, saçına-başına baxmayan, bəzən də içib hərəkətlərini bilməyən Ədalət müəllimi siz bu günə qoydunuz… Siz, ay insanlar... Ay hər dəfə “Müəllimin kimdir” sualına “Ədalət Ziyadxanov”, – deyə cavab verəndən sonra ağzını büzənlər... Siz onu tanımırdınız axı... İnsana necə görünüşünə görə qiymət verə bilərsiniz? Heç istəmədinizmi onun beyninin içini bilmək?!. Ürəyinin içini... Orda sənə gülən biri vardı. Sən özünü ondan artıq sayırdın. Amma onun ürəyinə baxanda sən bir heç idin…
Sən... Sən hər şeyin ən yaxşısına layiqsən. Elə istərdim ki, həmin günlər- tələbəlik həyatımız geri qayıtsın. Soyuq, yağışlı havada səhər saat 9-a işləmiş dərsə gələk. Qrup yoldaşlarımız dərsdə öz yazılarını oxusunlar… Və sonra müxtəlif təəssüratlarla bir-birinə baxan bizlər sənin əlinin şappıltısına diksinək, səndən sonra biz də alqışlamağa başlayaq, bir-bir fikirlərimizi deyək.
Yenə işə gələndə öz başına gələn yol əhvalatını danış bizə! Müəllim ən çox da bilirsən nəyi danış?! Metroda başından böyük dönər yeyə-yeyə söhbət edən iki sevgilinin əhvalatını danış... Onu bizə bəlkə də 10 dəfə danışmışdın… Hər dəfə yeni bir əhvalat danışırmış kimi... Amma biz qulaq asmışdıq hər dəfəsində! Ay müəllim, bizim tələbəlik illərimizi yox, sənli illərimizi geri ver... Qrup yoldaşlarımızdan biri sinifdə bir balaca öskürən kimi oğlanlardan birini dərman dalınca göndər yenə... Sonra da zorla içirt o dərmanı... De ki, “Yaradıcı insan xəstələnə bilməz!” Ədalət müəllim, qoy həmkarın Aydın Dadaşov gəlsin otağa! “Qapının yanından keçərkən, alqış səsləri eşitdim. Nə məsələdir?” – deyə, soruşsun maraq içində yenə. Sən də qürurla de ki, tələbəmin yazısı çıxıb qəzetdə... Yenə baxın bir-birinizə mehriban düşmən kimi!.. Ya çox həqiqi, ya çox saxta baxışlarla...
28 iyul 2012…”
***
Bu məktubu mən 4 illik kurs rəhbərim rejissor Ədalət Ziyadxanovun rəhbərliyi ilə universiteti bitirdikdən düz 2 il sonra yazmışdım. Müəllimimin ruhi dispanserə düşdüyünü öyrənəndən sonra..
Sizcə bu məktubu yazan biri “Ruhi dispanserə düşən məşhur rejissorumuz” başlığı altında 3 gün öncə dərc olunan bir yazıya biganə qala bilərdimi?
Yazının müəllifi qeyd olunmayıb. Bəlkə də, müəllif özü də şübhə ilə yanaşırmış öz yazdıqlarına… Bir yolla müəllifin kimliyini öyrəndim, amma tanınmış bir imza sahibinin adını eşidəndə qayıdıb yazını bir də oxudum. Bəlkə yanılıram deyə…
Amma Feysbukdan paylaşılan həmin yazının altındakı şərhləri görüb yanılmadığımı anladım…
4-5 il əvvəl “Ədalətin tələbələri” kimi tanınan qrup yoldaşlarımızla həmin dispanserə yola düşmüşdük. Onu elə bir vəziyyətdə görmüşdüm ki, göz yaşları içində bir də bura gəlməyəcəyimə söz vermişdim. “Qoy müəllimim xatirələrimdə “Ədalət müəllim” kimi qalsın!” demişdim.
İllərdir onu yada salan yox idi. Çox sağ olsun bu anonim qalmaq istəyən şəxs ki, Ədalət Ziyadxanovu yada saldı. Amma…
Yazıda Ədalət Ziyadxanovun ailəsi o qədər müqəddəs təsvir olunub ki, adam lap gedib onlara “çox sağ ol” demək istəyir. Amma Ziyadxanovun öz danışdıqlarını, özümün gördüklərimi xatırlayanda görürəm ki, o ailədə bir müqəddəs var idi, o da Ədalətin özü!
Ədalət Ziyadxanovun bacısı Xədicə və Əzizə xanımlarla əlaqə saxladım. “Ədalət müəllim haqqında yazı yazıblar, oxumusunuzmu”- soruşdum. Cavab belə oldu:
“Oxumaz olaydım, qızım, o məqalə başdan-ayağa yalandır!”
Bunu Xədicə xanım deməmişdən, mən bilirdim ki, məqalə həqiqətləri olduğu kimi əks etdirməyib. Lakin bunun nə dərəcədə böyük məsələ olduğunu Xədicə xanımla danışandan sonra anladım. Xədicə xanım o məqaləyə az qala cümləbəcümlə cavab verdi:
Yazılıb: “Ədalət müəllim nəvəsini xatırlamır”.
Xədicə xanımın cavabı: “Ədalət müəllimin yanına nəvə gətirən var ki, uşağı görsün, hələ bir xatırlasın da?! O, necə nəvəsini xatırlamaya bilər?! Axı oğlunun birinci arvadından olan qız nəvələrinin adını şəxsən özü qoyub.
Yazılıb: “Həkim evdə qalmasına icazə vermir. Bu ailə üçün də ən uyğunudur”.
Xədicə xanımın cavabı: “Bəli, onu düz deyirlər, ailə üçün ən uyğunu budur, onlara elə bu sərf edir. Amma həkimin icazəsini almaq problemli deyil. Əksinə, onlar həkimə tez-tez hörmət edirlər ki, eləcə yatsın orda. Problem ondadır ki, Ədalətin oğlunun ikinci arvadı biznes sahibidir. O öz biznesinə ziyan vurmamaq üçün qayınatasını yaxına buraxmaq istəmir, nə evə, nə nəvələrinin yanına qoyur. Ədalət öz uşaqlarını böyütdü, ali təhsil verdi, evləndirdi, onlar isə onu atdılar…”
Yazılıb: “Evdə qalması həyatı üçün təhlükəlidir. Qazı açıq qoya bilər, kibritlə evi yandırar...”
Xədicə xanımın cavabı: “Ədalət dəli deyil ki, ev yandıra! Ona elə dəli kimi baxa-baxa onu dəli eləmək istədilər. Kişinin qazda nə işi var? Çay qaynadacaq, yoxsa yemək bişirəcək? Niyə? Arvadı yoxdur?! Başa düşmürəm, onu evə gətirib tək qoyub getmək istəyirsiniz?”
Yazılıb: “Onu ən ağır günündə axıracan tərk etməyən yeganə insan həyat yoldaşı Solmaz xanımdır. Həyatında çox qadınlar olsa da, Solmaz xanımla böyük eşq yaşayıblar. Qadın indi də bu sevgisinə sadiqdir”.
Xədicə xanımın cavabı: “Onun sadiqliyi hələ dispanserə düşməmiş vaxtlar geyindiyi cırıq şalvarlardan, kirli köynəklərdən görünürdü”.
Yazılıb: “Solmaz xanım şəhərdəki evini satıb, Maştağadan ev alıb ki, xəstəxanaya gedib-gəlmək asan olsun”.
Xədicə xanımın cavabı: “O, Ədalətin evini satıb özünə bağ evi alıb. Boşanmamağının da səbəbi məhz budur! Evi adına keçirə bilmək! Mən bunları heç vaxt açıb-ağartmazdım. Amma o yazı yazılmamalı idi”.
Yazılıb: “Həkim içkiyə qadağa qoyanda oğlu atasını aparıb məsciddə and içdirib ki, içkini tərgitsin. O, and içir, ancaq özü ilə bacarmır. Buna görə oğlu atasını bağışlamır. Ancaq maddi baxımdan anasına kömək edir, xəstəxana xərclərini ödəyir”.
Xədicə xanımın cavabı: “Onlar başdan məni aldatdılar. Dedilər ki, 2 ay yatsın, müalicə alsın. Sonra evə gətirəcəyik. 2 ay oldu 3 ay…
3 ay oldu 5 ay... Ay oldu il… 4 ildir qardaşım orada yatır. Heç kim heç bir xərcini də ödəmir. Bircə mən və bacım Əzizə hər həftə gedib onu yedirdib içirdirik, lazım olan ən xırda şeyə kimi alıb aparırıq”.
Yazılıb: “Qızı vaxtaşırı atasını ziyarət edir”.
Xədicə xanımın cavabı: “Qızı onun yanına gəlmir axı… Bu 4 ildə cəmi 2 dəfə gəlib ora. O, da mənim danlağımdan sonra…”
Yazılıb: “İş yerindən, teatrlardan heç kim ziyarətinə getmir”.
Xədicə xanımın cavabı: “Bu yaxınlarda Azərbaycanın xalq artisti Fatma Mahmudova da onun ziyarətinə gəlmişdi. Bunu mənə ruhi dispanserin həkimləri bildirdilər. Fatma xanım həkimlərə deyib ki: “Mən Ədalət Ziyadxanovu necə ziyarət etməyə bilərəm?! Mən indi də onun çörəyini yeyirəm axı…”