BAKI, 17 noyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Oman Sultanı Heysəm bin Tariq əl-Səid Maskat şəhərindəki Əl-Aləm sarayında əvvəlcə məhdud tərkibdə görüş keçirib, daha sonra rəsmi nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıb.
Teleqraf xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və çoxşaxəli əlaqələrin daha da inkişaf etdirilməsi, əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi məsələləri müzakirə olunub.
Siyasi dialoqun və qurumlararası əlaqələrin fəallaşdığı, əmtəə dövriyyəsinin və investisiyaların həcminin davamlı şəkildə artdığı qeyd edilib.
Ali səviyyəli səfər ərəfəsində Maskatda Hökumətlərarası Komissiyanın altıncı iclası, bir sıra işgüzar və mədəni tədbirlər təşkil olunub.
Əməkdaşlığın prioritet istiqamətləri kimi ticarət, investisiya, nəqliyyat və logistika, energetika və elektrotexnika, kimya və dağ-mədən sənayesi, şəhərsalma və turizm, kənd təsərrüfatı, kosmik tədqiqatlar və rəqəmsallaşma sahələri müəyyən edilib.
Görüş zamanı beynəlxalq və regional əhəmiyyət daşıyan aktual məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
İki ölkənin liderləri Özbəkistan və Oman arasında ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə tarixi qərar qəbul ediblər. Yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrasını təmin etmək məqsədilə yol xəritəsinin qəbul edilməsi və Koordinasiya Şurası mexanizminin yaradılması barədə razılıq əldə olunub.
Danışıqların sonunda Özbəkistan Prezidenti Oman Sultanını ölkəsinə dövlət səfərinə dəvət edib.