BAKI, 17 noyabr. TELEQRAF
"Bu gün Azərbaycanda minlərlə kiçik sahibkar, ailə təsərrüfatı və yerli istehsalçı müxtəlif məhsullar istehsal edir. Süd və pendirdən tutmuş bala, mürəbbəyə, quru meyvəyə, konservə, tekstilə, alkoqollu və və digər məhsullara qədər kifayət qədər geniş istehsal potensialımız var. Lakin bu istehsalçıların əksəriyyətinin əsas problemi məhsul istehsal etmək deyil, onu satmaqdır".
Teleqraf xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bugünkü iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, biz fermerə toxum, gübrə, subsidiya, sahibkara güzəştli kredit veririk: “Ancaq məhsul hazır olduqdan sonra onun harada və kimə satılacağı məsələsi çox vaxt istehsalçının öz üzərinə düşür. Kiçik sahibkarın böyük supermarketlərə çıxış, rəf əldə etmək, qablaşdırma, sertifikatlaşdırma, saxlama və daşınma imkanları məhduddur. Nəticədə keyfiyyətli məhsul istehsal olunsa da, bazara çıxarıla bilmir.
Düşünürəm ki, bu məsələ iqtisadi siyasətimizin ayrıca istiqamətinə çevrilməlidir.
İlk növbədə, dövlət satınalmalarında kiçik yerli istehsalçıların iştirak imkanları genişləndirilməlidir. Məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər dövlət müəssisələri böyük həcmdə məhsul alır. Bu satınalmaların mümkün olan hallarda daha kiçik lotlara bölünməsi ailə təsərrüfatlarının və kiçik sahibkarların da həmin bazara çıxışını asanlaşdıra bilər.
İkinci məsələ, supermarket şəbəkələri ilə münasibətlərdir. Kiçik istehsalçılar bəzən rəf xərcləri, əlavə ödənişlər, mürəkkəb müqavilələr və uzun ödəniş müddətləri ilə üzləşirlər. Bu münasibətlərdə şəffaflığın artırılması, ödəniş intizamının gücləndirilməsi və yerli istehsalçılar üçün xüsusi satış bölmələrinin yaradılması vacibdir.
Üçüncü məsələ, sertifikatlaşdırma, laboratoriya müayinəsi və qablaşdırma xərcləridir. Kiçik istehsalçı üçün bu xərclər ciddi maneəyə çevrilir. Təklif edirəm ki, mikro və kiçik sahibkarlara bu xidmətlər üzrə dövlət dəstəyi göstərilsin, regionlarda ümumi istifadə üçün qablaşdırma və sertifikatlaşdırma mərkəzləri yaradılsın.
Dördüncü məsələ, rəqəmsal satış imkanlarıdır. Kiçik istehsalçı öz məhsulunu birbaşa mağazalara, restoranlara və alıcılara təqdim edə bilməlidir. Bunun üzərində ən geniş iş aparılmasını təklif edirəm".
Deputat təklif edib ki, bütün bu istiqamətlər 2027-ci ildən etibarən “Yerli İstehsalçıya Bazar Dəstəyi Proqramı” adı altında vahid dövlət proqramında birləşdirilsin: "Mövcud aqrologistika və soyuducu anbar imkanları bu proqramla əlaqələndirilsin, məhsulların saxlanması, qablaşdırılması və daşınması üzrə güzəştli xidmətlər təşkil edilsin, dövlət satınalmalarına və iri ticarət şəbəkələrinə çıxış asanlaşdırılsın.
Bir məqamı da vurğulamaq istəyirəm. İqtisadi inkişafı yalnız böyük zavodların tikilməsi və iri investisiyalarla ölçmək düzgün olmazdı. Təsəvvür edin ki, ölkəmizdə 40-50 min kiçik istehsalçı fəaliyyət göstərir və onların hər biri orta hesabla 10 nəfəri işlə təmin edir. Bu, potensial olaraq 400-500 min iş yeri deməkdir. Deməli, kiçik istehsalçının inkişafı həm məşğulluq, həm regionların iqtisadi fəallığı, həm də ailə gəlirlərinin artması baxımından böyük əhəmiyyət daşıyır.
Xahiş edirəm, 2027-ci ilin, mümkün olmasa 2028-ci ilin dövlət büdcəsində bu proqram üçün ayrıca maliyyə mexanizminin nəzərdə tutulması, icraya məsul qurumların müəyyənləşdirilməsi və konkret nəticə göstəricilərinin təsdiqlənməsi məsələsinə baxılsın. Həmçinin aidiyyəti qurumlara bu istiqamətdə konkret proqram hazırlanması və nəticələrinin Milli Məclisə təqdim edilməsi barədə tapşırıq verilsin”.
Razi Nurullayev vurğulayıb ki, biz yalnız nə qədər məhsul istehsal etdiyimizi deyil, onun nə qədərinin satıldığını, istehsalçının nə qədər gəlir əldə etdiyini və neçə insanın işlə təmin olunduğunu da iqtisadi uğurun əsas göstəriciləri kimi qəbul etməliyik: “İstehsalçını yalnız istehsala təşviq etmək kifayət deyil, onun məhsulunu satmasına da şərait yaratmalıyıq. Dövlətin dəstəyi məhsulun istehsalından başlayaraq alıcıya çatmasına qədər davam etməlidir".